Sovet dövrü

Sovet dövrü
 

V.İ.Lenin adına Mərkəzi Muzeyin Bakı filialı haqqında qısa məlumat

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı Sovet İKP MK-nın qərarına əsasən 4 avqust, 1954-cü il tarixindən İ.V.Stalin adına Azərbaycan bolşevik təşkilatlarının tarixi muzeyinin bazası əsasında yaradılmış və kütləvi ziyarət üçün 1955-ci ilin aprelindən açılmışdır.

1955-1959-cu illərdə V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı Azərbaycan bolşevik təşkilatlarının o qədər də böyük olmayan 15 ekspozisiya zalından ibarət muzeyinin binasında (6-cı Kommunist döngəsi, ev.3) yerləşirdi. 1960-cı ilin aprelində V.İ.Leninin 90 illik yubileyi ərəfəsində Neftçilər prospekti, 123ª ünvanında tikilmiş yeni binaya köçürüldü. Yeni tikilmiş dördmərtəbəli binanın layihə müəllifi Həsən Məcidov idi. Keçmiş Sovet İttifaqında bu, V.İ.Lenin Muzeyi üçün məxsusi tikilmiş yeganə muzeydir.

Muzeyin fondlarında 110.000-dən çox eksponat olmuşdur. 26 zalda isə 6000-ə yaxın eksponat saxlanılmışdır. Burada Leninin əlyazmalarının foto nüsxələri yerləşirdi.

Baş İnqilab Tarixi Muzeyi kimi V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı, Qafqazda və Azərbaycanda Lenin, onun tələbələri və ardıcılları haqqında materialları axtarıb aşkara çıxaran və toplayan Elmi Mərkəz idi.

Muzeydə hər biri orta hesabla 70 m2 olan 41 ekspozisiya zalı (sonuncu zal - 300 m2), 250 nəfərlik kino-akt zalı, o cümlədən xidməti və yardımçı otaqlar olmuşdur.

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialı dörd xatirə, tarixi-inqilabi muzeylərlə birlikdə (“Nina” gizli mətbəəsi” muzeyi, M.Əzizbəyovun Ev-muzeyi, S.M.Kirovun Ev-muzeyi, “Neft sənayesi fəhlələrinin ittifaqı və “Qudok” qəzetinin redaksiyası” muzeyi) respublikada leninizmin təbliği və zəhmətkeşlərin Leninin həyat və fəaliyyəti nümunəsində tərbiyə olunmasının ideoloji iş mərkəzlərindən biri idi.

Filialın ekspozisiyasında 9 mindən çox müxtəlif eksponat, o cümlədən Lenin əlyazmalarının foto və lito-surətləri təqdim olunurdu. V.İ.Leninin əsərlərinin orijinalları, xəritə, sxem və modellər formasında böyük əyani vəsait, sənət əsərləridir.

Sovet dövrü
 

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialının binası haqqında rəqəmlər

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialının yeni binası V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilmişdir (aprel, 1960-cı il). Bina dördmərtəbəlidir. Binanın ümumi sahəsi 46.800 m3-dir. İstifadəyə yararlı sahəsi isə 7400 m2-dir.

Birinci mərtəbədə foye-220 m2, xidməti kabinetlər (müdiriyyət, elmi işçilər, mühazirəçilər, fond, kitabxana, fotolaboratoriya və ayaqyolu-700 m2) yerləşir.

İkinci mərtəbədə 930 m2 sahəyə malik 13 zal, o cümlədən üçüncü mərtəbədə sahəsi 940 m2 olan 13 zal yerləşir.

Dördüncü mərtəbədə isə 5 ekspozisiya zalı (1450 m2), Dairəvi zal (230 m2) və muzeyin fondu (240 m2) yerləşmişdir.

İkinci və üçüncü mərtəbələr arasında konfranslar, mühazirələr və film nümayişinin keçirildiyi 240 m2 sahəsi olan Lenin kinoteatrı yerləşirdi.

Binanın kürsüsündə (alt mərtəbəsində) qazanxana, iki ventilyasiya kamerası, xüsusi otaq, xarrat emalatxanası və muzeyin anbarı yerləşirdi.

V.İ.Lenin Mərkəzi muzeyinin Bakı filialının binası 26 Bakı komissarı adına rayonun 7 №-li MKS-nin balansında yerləşirdi.