Binanın təsviri

Muzey Mərkəzinin binası
 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi şəhərin mərkəzində və Dənizkənarı Milli Parkın (Neftçilər pr. 49) lap yaxınlığında yerləşir. Muzey Mərkəzinin binası dördmərtəbəlidir, ümumi sahəsi 46.800 m³-dir. Binanın layihəsi memar Həsən Məcidov tərəfindən işlənib və Kommunist partiyasının dahi rəhbəri V.İ.Leninin yubileyi üçün 1961-ci ildə Moskva Lenin Muzeyinin filialı kimi istifadəyə verilib. O zaman bu, respublikada muzey üçün inşa edilmiş yeganə bina idi. Bu bina dövlət tərəfindən qorunan ən maraqlı memarlıq abidəsi sayılırdı. Fasad milli ornamentlərlə bəzədilib və enli pilləkənlər və möhtəşəm sütunlar onun əzəmətini artırır. Həsən Məcidov Azərbaycanda digər layihələrin də müəllifi olmuşdur – Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dram teatrının binası və s.

1991-ci ildə Sovetlər İttifaqının süqutundan sonra bina Mədəniyyət Nazirliyinə verildi və Muzey Mərkəzi adını aldı. Son illər Muzey Mərkəzi şəhərimizin fəal ziyarət olunan mədəniyyət mərkəzinə çevrildi və müxtəlif tədbirlərin keçirilməsi üçün ən sevimli yerlərdən biri oldu.

Muzey Mərkəzinin binası