Nazxanım Nəzirbəyin “Dünya” adlı fərdi sərgisi

Dairəvi zal
23.05.2023

23 May 2023-cü ildə Muzey Mərkəzinin dairəvi zalında keçirilən “Dünya” sərgisi rəssamın sayca ikinci sərgisidir. Sərginin ideyası dünyanın ən gərgin, ən məşəqqətli dönəmində ikən yaranmışdır. Pandemiya, müharibə və bu çətin dövrü əhatə edən 2020-2022-ci illərdə çəkilmiş bu rəsmlərin hər biri özlüyündə bu dövrün hər anını ehtiva edir. Dünyanın yenidən gözəlliyə, sülhə, əminamanlığa qərq olması arzusu ilə daha çox ezoterik, qalaktik, ruhsal motivdə çəkilmişdir. Hər bir rəsmin öz anlamı və daşıdığı dərinliyi vardır. 20 əsərdən ibarət “Dünya” sərgisi bizləri ruhsal səyahətə aparmaqdadır. Sevgi, ana, övlad, bəy dəyanəti, mərdlik, sərtlik, incəlik, zövq, eşq, birlik, anlayış və yaxınlıq üzərinə çəkilmiş 20 fərqli lakin eyni zamanda bir-birini tamamlayan əsərlər yalnız tematika ilə deyil, həmçinin çəkilmə tərzi və texnikası ilə də bir-birini tamamlamaqdadır. Parlaq qızılı və ya gümüşü tonların önə çıxardılması, rəsmlərin ağ–qara boz, mavi və qızılı tonlarda tamamlanması onların sadəliyini eyni zamanda da dərinliyini bir daha göstərmiş olur. DÜNYA sərgisindəki əksər rəsmlər insan bədəninin əks olunması ilə çəkilmişdir. Əslində bu, insanlara saflıq enerjisi, düzgünlük və gəzəlliyini özlərinə götürməsi, daha yaxşı, daha düzgün, daha saf, daha dolğun, daha dərin insanlar ola bilməyə çalışmasını ötürməyə çalışmaqdadır. Mənəvi təskinlik, ana sevgisi, övlad məhəbbətinin dərinliyi, ananın övladda, övladın anada tapdığı dünyanı əks etdirməkdədir.

Sərgidə yer alan Bahar zanbaqları əsəri isə İkinci Qarabağ müharibəsində vəfat etmiş şəhidlərə həsr edilmişdir. Nazxanım Nəzirbəyin iki ailə üzvü – Sərxan Bayramov və Rəsul Süleymanlı Qarabağ şəhidləridir.

Dünya sərgisində eyni zamanda dünya tarixində yer almış və rəssamı təsirləndirmiş bəzi ədəbi əsərlər və şəxsiyyətlər də daxil edilmişdir. Şəhrazad, Xosrov və Şirin bu əsərlərdəndir. Hər iki əsərin qadın obrazları rəssamı bu əsərləri çəkməyə yönləndirmişdir. Tarixi şəxslərdən Koko Şanelin texnik partreti də sərgidə yer almaqdadır. Bir qadın kimi dünya moda tarixındə çevriliş etmiş innovator şəxsiyyətinə görə təsirlənərək rəssam onun portretini çəkmə qərarı almışdır.

Sərgidə akademik texnikalı anatomik rəsmlər də yer almaqdadır. Bir həkim və perfeksionist olaraq, bu rəsmlərdə qadın gözəlliyini, simmetriyanı, incəliyi və özəlliyi əks etdirməyə çalışmışdır.

Eyni zamanda Dünya sərgisində fərqli qadın portretləri də yer almaqdadır. “Salima”, “Mələk üzlü“, “Ümüdli qız”, “Sentyabr baxışlı” kimi tamamilə bir birindən fərqlənən, lakin yenə də rəssamın dəsti xəttimi özündə göstərən portretlər də sərginin önəmli bir hissəsidir. Milliyyətindən, dinindən, əqidəsindən asılı olmayaraq bütün qadınların maternal və yaradılış enerjisini göstərməkdədir. Bu əsərlər “Qadınlar fərqli olsa da eynidir və bütün qadınlar dünyaya yaratmaq, gözəllik qatmaq və ən əsası isə xoşbəxt olmaq və xoşbəxt etmək üçün gəlmişdir” - mesajını verməkdədir.

Sərgini Gakatika installiyasiyası tamamlamaqdadır. Dairəvi 4 əsərdən ibarət installyasiya başlanğıcın göstricisidir. 20 əsərdən ibarət “Dünya” sərgisi mənəvi dünyamıza bir pəncərədir...

Nazxanım Nəzirbəy 1988- ci il Mart ayının 13 – ü ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından orta məktəblə yanaşı, musiqi və incəsənət məktəblərində də təhsil almış və uşaqlıqdan incəsənətlə əhatə olunmuşdur. Sonradan Azərbaycan Tibb Universitetine daxil olmuş və sonrakı tibbi təhsilini Türkiyə və İtaliyada tamamlamışdır. İxtisasca İnfeksion Xəstəliklər mütəxəssisi olan Nazxanım Nəzirbəy həm həkim kimi çalışır, həmçinin də, Tibb Universitetində də pedogoji fəaliyyət göstərməkdədir. Akademik rəsmə həvəsi Tibb Universitetində oxuduğu müddətdə insan anatomiyası dərslərindən yaranmışdır. O dövrdən daim eskizlər etmiş və dünya rəssamlarını araşdırmışdır. Yağlı boya ilə rəsmə 2017- ci ildən etibarən başlamışdır. Rəssamın 2 əsəri vaxtilə işlədiyi VM Medical Park Ankara xəstəxanasındadır. Əsərlərdən biri “Bakı “ adlanır və gözəl Bakının və Azərbaycanımızın xatirəsi qardaş ölkəmizin ən yaxşı xəstəxanalarının birində yer almaqla ziyarətçilərin ruhunu oxşayır. Rəssamın ilk rəsm sərgisi 22 Yanvar 2020- ci ildə İçəri Şəhərdə Rəsm qalereyasında baş tutmuşdur. 20 əsərdən ibarət sərgi “Huri – Fairy“ adlanırdı. Sərgi böyük rəğbət və sevgiylə qarşılanmışdır.