Zəfər sərgisi
Noyabrın 4-də saat 18.00-da Muzey Mərkəzinin Sərgi qalereyasında Vətən müharibəsinin qələbə ilə başa çatmasının və Qarabağın işğaldan azad edilməsinin birinci ildönümünə həsr olunmuş “Zəfər sərgisi”nin təntənəli açılışı olacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusunun məharətlə həyata keçirdiyi bu möhtəşəm hadisə ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb və yaradıcı insanlar bütünlüklə ürəklərini qoyduqları əsərlərində buna layiqli cavab veriblər. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Respublikası Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri - müxtəlif nəsillərin rəssamlarının, o cümlədən, müəyyən bir janrın tanınmış sənətkarlarının əsərləri təqdim olunur. Onların arasında - Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov, Azərbaycanın Xalq rəssamı Siruz Mirzəzadə, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Odtəkin Ağababayev, İrina Eldarova, İnna Kostina, Eldar Babazadə, Eldar Hacıyev, Orxan Hüseynov, Nazim Rəhman, Natiq Fərəcullazadə, Rza Əfşar, Nizami Atayev, Hacımirzə Fərzəliyev, Asim Rəsuloğlu, Elşən Sərxanoğlu, Vəfa Vəliyeva, Sabir Çopurov, Namiq İbadullayev, İntiqam Ağayev, Məmməd Məmmədov, Rasim Rza, Oqtay Quliyev, Nazim Məmmədov, Əbülfəz Səmədov, Nigar Nərimanbəyova, İsa Məmmədov, İbrahim Həsənov və başqaları var.
Ekspozisiyada nümayiş olunan bir çox əsərlər Qarabağın, otuz ildən artıq işğal altında olan bu mübarək Azərbaycan torpağının mənzərələrini tamaşaçı qarşısında canlandırır. Məsələn, Odtəkin Ağababayevin “Kəlbəcər” və “Qarabağ”, Namiq Fərəcullazadənin “Xudafərin körpüsü”, Nazim Məmmədovun “Cıdır düzü”, Namiq İbadullayevin “Şuşa. Yuxarı Gövhər Ağa məscidi” və s.
Son onilliklərdə tamamlanan bir sıra əsərlərdə Qarabağın işğalı ilə müşayiət olunan acı tarixi hadisələr öz əksini tapıb. Məsələn, Asim Rəsuloğlunun “Xocalı” əsəri, eləcə də, Sabir Çopurovun “Xocalı qaçqınları” və “Şəhid anaları” əsərləri qeyri-standart materialdan - neftdən istifadə etməklə çəkilmişdir. Və təbii ki, ötən il ərzində tamamlanaraq nümayiş etdirilən əsərlərin böyük əksəriyyəti tamaşaçıya ölkəmizin müasir tarixindəki ən böyük hadisənin - 2020-ci il Vətən Müharibəsində Qələbənin bütün cəhətlərini göstərir.
Bunlar Siruz Mirzəzadənin “Mələklər də danışır: “Qarabağ Azərbaycandır” triptixi, Səlhab Məmmədovun “Payız ağacı” (mina hasarının arxasında qırmızı şəfəq), Nizami Atayevin “Zəfər əsgəri”, Eldar Babazadənin “44 gün”, Əbülfəz Səmədovun “Zəfər”, Oqtay Quliyevin “Artilleriya”, İrina Eldarovanın “Zəfər günü”, Elşən Sərxanoğlunun “Qələbə marşı” triptixi, Rasim Rzanın “Allah şəhidlərə rəhmət eləsin” və digər rəngkarlıq əsərləri. Ötən ilin payızında ölkəmiz üçün tarixi hadisələri əks etdirən dekorativ-tətbiqi sənət istiqamətli əsərlər arasında Vəfa Vəliyevanın “Zəfərin təntənəsi” qobelen triptixi və Eldar Hacıyevin “Zəfər xalçası” var ki, orada qırmızı at (Qarabağın qızılı rəngli atlarının poetik obrazı) əjdahanı tapdalayır.
Ümumilikdə sərgidə rəssamların 100-dən çox əsəri nümayiş olunur.