Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “Əcdadların izi ilə” adlı fərdi sərgisi

Sərgi Qalereyası
28.10.2022 - 01.11.2022

28 oktyabr — 1 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın “ƏCDADLARIN IZI ILƏ” adlı fərdi sərgisi keçiriləcəkdir.

Ülviyyə Tapdıq qızı Həmzəyeva 30 Aprel 1982 - ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində hərbiçi ailəsində anadan olmuşdur. İlk və orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003 - cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin təsviri incəsənət ixtisasını bitirmiş və həmin universitetdə magistr təhsilini davam etdirmişdir. Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Hazırda da Naxçıvan Dövlət Universitetində pedoqoji fəaliyyətini davam etdirir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır.
 Ülviyyə Həmzəyevanın sənət fəaliyyəti çoxşaxəlidir. Beləki, Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin müəllifi, Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, Moris Meterlinkin “Göy quş” feeriya pyesi, Elçin Əfəndiyevin “Teleskop” əsərinin əsasında səhnələndirilmiş tamaşaların quruluşçu rəssamı olmuşdur. Əsərləri 200-ə yaxın qarışıq və fərdi sərgilərdə nümayiş etdirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının və Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının və UNESCO - nun Beyneynəlxalq İncəsənət Assosasiyasının üzvüdür. “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü (Akademiki) seçilmişdir.

Ülviyyə Həmzəyeva həmçinin ictimai işlərdə fəallığı ilə seçilir. 2012 ci ildən  bəri bienali şəklində keçirilən “Naxçıvan - bəşəriyyətin beşiyi” I, II, III, IV Beynəlxalq Rəsm Festivalının kuratoru və təşkilatçısıdır.

2011 - ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Naxçıvan Rəssamlar Birliyinin sədri seçilmiş və bu günə kimi birliyə rəhbərlik edir.  IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Gərgin əməyin bəhrəsi kimi qısa zamanda böyük uğurlara imza atan Ülviyyə Həmzəyevanın yaradıcılığını Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli belə səciyyələndirir: “Rəsm əsərlərindəki süjet və kompozisiya, mifoloji obrazlar və motivlər, milli dəyərləri mənalandıran simvolika, qurama parçaları hamısı bir yerdə Ülviyyə Həmzəyeva sənətinin fərdi özünəməxsusluğunu müəyyən edir. Rəsm əsərlərindən aydın görünür ki, Ülviyyə Həmzəyeva çoxəsrlik Azərbaycan təsviri sənətində heç bir sənətkara bənzəməyən fərqli və fərdi üsluba malik orijinal sənətkardır. O, müasir mərhələdə Azərbaycan miniatür rəssamlıq sənətinin əsas yaradıcısıdır. Mifoloji obrazlarla xalq sənəti detallarının sintezi və müasirliklə vəhdəti Ülviyyə Həmzəyevanın yaratdığı müasir miniatür sənəti nümunələrinin simasını müəyyən edir. Azərbaycanın klassik miniatür rəssamlığı əsasən xalq oyunları və liro-epik əsərlərin motivləri əsasında yaradıldığı halda, Ülviyyə Həmzəyevanın miniatürləri mifoloji motivlər, xalq sənəti örnəkləri və müasir həyat fəlsəfəsi üzərində köklənmiş fərqli sənət hadisəsidir. Ülviyyə Həmzəyeva mifoloji miniatür janrının yaradıcısıdır. Bütün bunlar Ülviyyə Həmzəyevanın Azərbaycan təsviri sənətində fərqli təfəkkürə malik yaradıcı simalardan biri olduğunu təsdiq edir”.

Rəssamın yaradıcılığı dünya miqyasında da tanınır. Beləki əsərləri hələ universitetdə təhsil aldığı dövrlərdə ABŞ, Türkiyə, Fransa kimi ölkələrdə müxtəlif sərgilərdə nümayiş etdirilmiş və tamaşaçı rəğbəti qazanmışdır. Daha sonra rəssam aktiv olaraq dünyada rəssamlıq və incəsənət sahəsində keçirilən önəmli sərgi, festival və simpoziumlara dəvətlər almış və bir çox tədbirlərdə əsərləri dəyərləndirilərək ən yüksək mükafatlara layiq görülmüşdür. Rəssam öz əsərləri ilə ABŞ, Portuqaliya, Çin, Türkiyə, Türkmənistan, Gürcüstan və.s. ölkələrdə uğurlu layihələrə qatılmış və plenerlərdə öz yaradıcılığı ilə ölkəmizi təmsil etmişdir. Rəssamın yaradıcılığını Art Bizness Məsləhətçisi, Yazıçı, Spiker, Art Bizness İnstitutunun direktoru Carolyn Edlund belə ifadə etmişdir:
“Ülviyyə Həmzəyevanın rəsmlərinin janrını müəyyən etmək elədə asan deyil. O quaş və kətan üzərində yağlı boya ilə işləyir. İlk baxışdan onun əsərləri müasir alleqoriyalar kimi görünür, burda təsviri görmək kifayət etmir, o həm də başa düşülməlidir.  Eyni zamanda, onun əsərləri Azərbaycan incəsənətinin qədim ənənələri ilə dərindən bağlıdır. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır. Rəssamın tarixi dəqiqliyi əks etdirən dünyagörüşü, müəlliflik hüququ ilə qorunan müasir qrafika texnikalarında "toxunmuş" qədim simvolizmə diqqət yetirmək lazımdır. Müəllifin "fəlsəfi əsərləri" çox maraq doğurmuş və ona geniş bir izləyici auditoriyası qazandırmışdır”.

Rəssam özü isə, bu sənətin pillələrində irəliləməsində onu ruhlandıran amilləri və yaradıcılığı ilə olan münasibətlərini belə izah edir: “Mən Azərbaycanın gözəl və qədim şəhərlərindən biri olan Naxçıvanda anadan olmuşam. Mənim atalarım bu qədim torpaqda yaşamış, mənim xoşbəxt uşaqlığım burada keçmiş və indi gəncliyim keçir və ümid edirəm ki, gələcəkdə də bu qədim, ənənələrlə, mifoloji deyimlərlə dolu olan bu diyarda yaşayacağam. Naxçıvanda yaşayan insanlar bizim yüksək və başıqarlı dağlarımız kimi, nəcib və qürurludurlar. Mən qürur duyuram ki, böyük memarlar, musiqiçilər, rəssamlar, müdrik sərkərdələr bu müqəddəs torpaqlarda yaşayıb yaradıblar. Naxçıvan dahilər beşiyidir. Bu gün mənim rəssam olmağımda gözəl təbiətimizin, təmiz ətirli havamızın, valideynlərimin və yaxşı insanların böyük əməyi vardır.

Yatmağa gedərkən səhəri gözləyirəm. Bir yuxu gördüyümdə tez bir parça kağız və ya kətan üzərində xatırlamağa tələsirəm. Mənim əsərlərim, düşüncələrim və istəklərimdə heç bir boşluq yoxdur. Məkan mənim "boşluğum" ilə doludur. Mənə aid olan incəliklər, simvollar, fraqmentlər, nümunələr, semiotika, mənim mistik dilim, göydən gələn səs – bunlardır mənim "boşluğum". Simvolların, naxışların, rənglərin, musiqinin dili - bu mənəm, bu mənimdir, bu məndədir...

Bəzən çətindir, “Mən varam və mən yoxam”. Mən Yaradanın yaratdıqlarını və onun unikal yaradılışı olan "insan" ı sevirəm. Mən qəhrəmanam, mən lazımsız bir insanam, mən bir xarab oyuncağam. Həyatım bir "nöqtə" dir. Bir nöqtədən yaradılan insan sonda o nöqtəyə də dönür.

Bütün həyatım boyu tırtılın kəpənəyə çevriləcəyini gözləyəcəyəm... Düşüncələrim, illüziyalarım, miflər və nağıllarla dolu gəmimi üzməyə göndərirəm. Bilirəm ki, mənim gəmimin dayanacağı yoxdur. Mən sadəcə olaraq gəmimdə olmayan lövbəri götürməyi unutmuşam.

Mənim reallığım - reallıq deyil. Mən saatları, rəqəmləri sevmirəm - onlar gülür, istehza edir və gözləyirlər ki desinlər: artıq çox gecdir. Çox təəssüf ki, zaman çox azdır...”

Beləliklə, sizləri millilik, qədimlik, mifologiya və həyatın real fəlsəfəsi ilə dolu rəngarəng dünyaya, rəssamın qəlbinin hərarətinin, dünyaya baxışının, duyğu və düşüncələrinin məhsulu olan əsərləri ilə tanış olmağa, Ülviyyə Həmzəyeva dünyasına səyahətə dəvət edirik.

Sərginin təntənəli açılış mərasimi: Dairəvi zalda 28 oktyabr saat 18.00-da 
Sərgi 29 oktyabrdan 01 noyabr tarixinədək  davam edəcəkdir.
Giriş sərbəstdir.
İş saatları: 10.00 – 18.00