“Bakı qızları” virtual sərgi
08.03.2021Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi paytaxtımız - Bakıya, onun keçmişinə və bu gününə həsr olunmuş bir sıra virtual sərgilərin keçirilməsini nəzərdə tutan “Nostalji” layihəsinin dördüncü virtual sərgisini təqdim edir. Artıq ictimaiyyətə Azərbaycan rəssamlarının üç sərgisi - "Abşeron bağları", "Ev natürmortu" və "Mənim qızıl şəhərim” sərgiləri nümayiş etdirilib. Bu gün biz 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr edilmiş, layihənin növbəti sərgisini sizə nümayiş etdiririk. Bir çox yerli rəssamların vəsf etdiyi, Bakının - gözəlliyi və qüruru olan qadınlarını sizə təqdim edirik.
"Bakı qızları"
Bakılılar həmişə doğma şəhərlərinin bir çox fəzilətləri ilə haqlı olaraq fəxr ediblər. Səhərin ən vacib xəzinələrindən biri onun əfsanələrinə çevrilmiş, gözəllikləri sözlə çatdırıla bilməyən həm vəsf olunan və titullu gözəlləri və həm də görünüşlərində həmin o Bakı dəbdəbəsini hiss etdirən təvazökar, çox da tanınmayan tələbə qızları idi ki, onlar da dərhal gözə çarpırdı.
Bakı gözəllərinə şeirlər, mahnılar, rəsmlər və heykəllər həsr olunmuşdur. Bunlardan biri, keçən əsrin ikinci yarısında Xəzərin dalğaları və Abşeronun üzüm bağları kimi bakılıların həyatının ayrılmaz hissəsi olan məşhur "Qaya" estrada kvartetinin ifasında 1966-cı ildən bəri tanınan şən və əyləncəli "Bakı qızları" (musiqisi Tofiq Quliyev, sözləri P. Simonov) mahnısı oldu. Bu mahnı bizim tərəfimizdən sərginin musiqi müşayiəti olaraq seçilmişdir.
Bu virtual sərgidə Sakit Məmmədov, Irina Eldarova, Vüqar Əli, Eldar Babazadə, Sirus Mirzəzadə, Tamilla Həsənova, Emil Əziz, Mir Azər Abdullayev, Bayram Salamov, Asif Azərelli, Rauf Canıbəyov, Sənan Səmədov, Emin Əsgərov, David Kəngərli kimi müasir fırça ustaları paytaxtımızın gözəlləri barədə öz fikirlərini bölüşəcəklər. Şəxsi tərzinin bütün fərqli cəhətlərinə baxmayaraq, bu müəlliflər bu mövzuda çəkdikləri əsərlərdə hiss olunmayan dərəcədə ümumi bir şeyə sahibdirlər: ilk növbədə, bu, parlaq, zəngin koloritlə ifadə olunan gənclik və gözəllik bayramı hissidir. Və ilk baxışdan bütün bu əvəzsiz gümrahlıq və enerji yüklənməsi tamaşaçıya parlaq bir partlayışla ötürülür.
Bu sərginin konsepsiyası həm şəhərin özünün, həm də gözəllərinin ənənələrinin və görünüşünün davamlılığına əsaslanır. Burada təqdim olunan əsərlər arasında bir dənə də olsun iyirmi ildən çox yaşı olanı yoxdur. Başqa sözlə, bu – məhz müasir Bakı və müasir Bakı qadınlarının ümumiləşdirilmiş portretidir.
Qeyd etmək lazımdır ki, bugünkü Bakının qadınları heç də yalnız ərköyün gözəllər deyillər. Maariflənən cəmiyyətimizdə qadınlar müxtəlif peşələr seçir və yaradıcılıq, texnologiya, iqtisadiyyat, pedaqogika, idman və həyatın digər sahələrində özlərini dərk edərək bir çox vacib vəzifələr tuturlar. Onların görünüşlərində daxili azadlıq heç də parlaq gözəlliklərindən az nəzərə çarpmır və rəssamlar da bunu əks etdirməyə çalışırlar.
Eləcə də, Bakı qadınlarının sırf qadın gözəlliyi, əlbəttə ki, sənətkarları yaradıcılığa ruhlandırır. Yarım əsr əvvəl olduğu kimi yeni rəssamların əsərlərindən də cazibədar qaraşın təvazökarlar və ağ dərisi ilə ovsunlayanlar bizə baxırlar – buket və meyvələrlə, çətir və köpəklərlə, qeyri-adi parlaq paltarlarda və ciddi formalı geyimlərdə öz gözəlliklərini aşkaranə şəkildə qürurla nümayiş etdirirlər. Dar köhnə küçələrin sakinləri nərd oyunu seansından ayrılaraq, həmişəki isti maraqla işıq saçan gözəl qadınları baxışları ilə yola salırlar. Və eyni ilə də o cür paytaxt meriyası və "Azərbaycan" kinoteatrının işıqları parlayır.
Ancaq birdən-birə sanki kiçilmiş Qız Qalasının arxasında artıq nəhəng “Alov Qüllələri” ucaldılmışdır. Heydər Əliyev Mərkəzinin futuristik, axan dairəvi xətləri eyni dərəcədə futuristik qadın portretləri üçün əla bir fon kimi xidmət edir. Vaxtı dayandırmaq olmaz. Bu həyatın qanunudur. Yalnız bir şey dəyişməzdir: şəhərimiz həmişə gözəl qadınların şəhəri olub və olaraq da qalır.
Layihənin ideya müəllifi və kuratoru: Liana Vəzirova, Muzey Mərkəzinin direktoru
Layihə koordinatoru: Samira Nuriyeva, Muzey Mərkəzinin Sərgi Qalereyasının ekspozisiya müdiri
Material toplusu: Dürdana Qurbanova, Muzey Mərkəzinin Sərgi Qalereyasının baş nəzarətçisi
Mətn: Nailə Bənnayeva, sənətşünas, jurnalist
Dizayn: Fəxriyyə Məmmədova, rəssam, dizayner, fotoqraf