“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərgi və fotoalbomun təqdimatı
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi 27 oktyabr saat 15:00-da “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılışı və “İrəvan — tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomun təqdimatını keçirəcək. Fotoalbomda Qərbi Azərbaycan - qədim İrəvanın tarixi abidələri, mədəniyyəti, təhsili, nəşriyyatı, tarixi şəxslərini özündə ehtiva edən fotoşəkillər yer alır. Sərgidə fotoşəkillərdən əlavə, Qərbi Azərbaycana mənsub milli geyimlər, xalçalar, musiqi alətləri, tarixi sənədlər, eyni zamanda xanlara aid əşyalar nümayiş olunacaq.
Sərginin açılış mərasimində İrəvan xanlarının nəsil davamçıları - İrəvanda hal-hazıradək mövcud olan yeganə Azərbaycan abidəsi Göy Məscidi tikdirmiş Hüseynəli xanın nəticəsi Amir Ali Sardari İrəvani; İrəvanı sonuncu idarə edən xanlardan Pənah xan Makinski və Abbasqulu xan İrəvanskinin nəticəsi Ofeliya xanım Bağırbəyova; XIX əsrin görkəmli rəssamı, Fransada Azərbaycan diasporunun fəal üzvü, politoloq Zaur Sadıqbəyli və digər zadəgan ailələrinin nümayəndələri iştirak edəcək.
Tədbirin sonunda İrəvan mətbəxinə məxsus şirniyyatlarla çay süfrəsi təşkil ediləcək.
Tədbirin açılışı 27 oktyabr saat 15:00-da Muzey Mərkəzində (Neftçilər prospekti 49) keçiriləcək. Əlavə məlumat üçün (050) 3235523 və (050) 5151591 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.