Bəstəkar Fərəc Qarayevin yaradıcılığına həsr olunmuş «Muzeydə musiqi gecələri» layihəsi çərçivəsində keçirilən portret-konsert
Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan “Muzeydə Musiqi Gecələri” çərçivəsində növbəti portret-konsert keçiriləcək. 24 aprel saat 19:00-da Muzey Mərkəzində ( III mərtəbə, akt zalı) baş tutacaq portret-konsertdə bu dəfə bəstəkar Fərəc Qarayevin yaradıcılığı işıqlandırılacaq.
Fərəc Qarayev (1943*) həm bəstəkarlıq, həm də pedaqoji fəaliyyəti ilə musiqi tariximizdə yeni yol açmış şəxsiyyətdir. O, 1966-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) atası, professor Qara Qarayevin sinfi üzrə bitirdikdən sonra elə orada dərs deməyə başlamış, 1999-cu ildən isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru olmuşdur. O, öz fəaliyyətində sadəcə bəstəkarlıqla kifayətlənməmiş həm Moskvada, həm də Bakıda müxtəlif müasir musiqi layihələrinin təşəbbüskarı, rəhbəri olmuşdur.
Fərəc Qarayev yardıcılığında XX əsrin bir çox bəstəkarlıq anlayışları, həmçinin neoklassisizm, serializm, puantilizm, sonorostika və s. kimi çağdaş təmayüllər xarakterikdir.
24 aprel 19:00-a Muzey Mərkəzində keçiriləcək portret-konsertdə Fərəc Qarayevin “Sonata No2”, “Malheur me bat”, “Postludio I” əsərləri ifa olunacaq. Konsertin moderatoru professor Zümrüd Axundova-Dadaşzadə, solistlər isə Fəridə Məmmədova (soprano), Raul Hüseynov (gitara), Rəna Fəhradova (piano) və Humay Qasımzadədir (piano).