"Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi" adlı sərgi
26 sentyabr 2024-cü il tarixində saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında "Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi"adlı sərginin açılışı keçırıləcəkdir. Tədbir Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi ilə baş tutacaqdır.
Bu sərgi Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq Rəssamlar Klubu və Azərbaycan Birləşmiş Rəssamlar Klubu tərəfindən təşkil edilən "Xəzər" Biennalesi Platformasının proqramını açır və bütün region üçün əhəmiyyətli bir mədəni hadisə olacaqdır. "Xəzər" Platforması 28 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində baş tutacaq və Xəzəryanı ölkələrdən olan rəssamları, kuratorları və ekspertləri incəsənət vasitəsilə mədəni mübadilə, dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir araya gətirəcəkdir. Platforma çərçivəsində sərgilər, dəyirmi masalar və müzakirələr keçiriləcək, bu tədbirlər regionun müasir incəsənətinin tədqiqi və onun qlobal bədii proseslərlə qarşılıqlı əlaqəsinin öyrənilməsinə yönələcəkdir.
XX-XXI əsrlər Azərbaycan müasir incəsənəti bir neçə böyük istiqamət üzrə təmsil olunur. İlk növbədə, bu, Tahir Salahov, Mikayıl Abdullayev və bir çox digər ustaların yaradıcılığında əksini tapan sosialist realizmidir. Digər mühüm istiqamət Tofiq Cavadov, Rasim Babayev və onların həmfikirlərinin əsərlərində özünü göstərən “Abşeron məktəbi”dir. Üçüncü istiqamət isə, Qorxmaz Əfəndiyev, Əşrəf Murad, Cavad Mircavadov və digər nonkonformistlərin yaradıcılığında təcəssüm olunan avangard (qeyri-rəsmi incəsənət) cərəyanıdır. Bu istiqamətlər sənətşünaslar və ekspertlər tərəfindən geniş şəkildə öyrənilib və təsvir edilib.
Bununla yanaşı, müasir Azərbaycan incəsənətinin əhəmiyyətli bir sahəsi və mühüm istiqaməti hələ tam araşdırılmayıb – bu, müasir abstrakt incəsənətdir. Uzun illərdir bu istiqamətdə məhsuldar şəkildə fəaliyyət göstərən rəssam Fərhad Xəlilovun yaradıcılığına baxmayaraq, o cümlədən onun ötən il “YARAT” mərkəzində keçirilmiş möhtəşəm sərgisinə baxmayaraq, ümumilikdə Azərbaycanda abstraksiya nisbətən az öyrənilib. Bu səbəbdən Azərbaycan Rəssamlar İttifaqı yerli abstrakt incəsənəti üzrə sərgilər silsiləsinə (bu sərginin nümunəsində olduğu kimi) başlamaq və eyni zamanda, sənətşünaslar arasında bu istiqamətdə tədqiqatların aparılması təşəbbüsü ilə çıxış edir.
Müasir abstraksiya Azərbaycanda avanqard fenomeni olaraq qəbul olunsa da, onun kökləri ənənəvi mədəniyyətimizdə dərin izlər buraxıb – xüsusilə, qədim xalça sənətində abstrakt həndəsi elementlər və naxışlar öz əksini tapıb. Xalçaların, palazların və kilimlərin quruluşu abstrakt həndəsi fiqurlara əsaslanır ki, bu da, Azərbaycan xalqı öz mədəniyyət matriksində artıq çoxdan abstrakt düşüncəni və abstrakt vizual formalar yaratma təcrübəsini daşıdığını sübut edir.
Diqqətəlayiqdir ki, yaradıcılığı tamamilə abstraksiyaya həsr olunmuş rəssamlar – Mir-Nadir Zeynalov və Hüseyn Haqverdi ilə yanaşı, başqa üslublarda çalışan, lakin abstrakt incəsənət sahəsində eksperimentlər aparan müəlliflər də mövcuddur. Sərgidə Kamal Əhməd, Gennadi Brijatyuk və Ucal Haqverdiyev kimi sənətkarların işləri nümayiş olunur, hansı ki, onların yaradıcılıq axtarışlarında abstraksiya elementləri müşahidə olunur.
Sərgidə həmçinin xalça formaları və ənənəvi miniatür sənətinin müasir interpretasiyasının sintezi də nümayiş olunur, bu işlər Elçin Aslanov və Ramiz Aslanov tərəfindən yaradılıb.
Bu sərgi abstrakt incəsənət sahəsində həm sənət təcrübəsinin, həm də sənətşünaslıq nəzəriyyəsinin inkişafına mühüm bir impuls verəcək, bu sahənin imkanlarını genişləndirəcək. Tamaşaçıları yeni kəşflər və Azərbaycan abstrakt incəsənətinin növbəti sərgiləri gözləyir.
İnformasiya dəstəyi: Azərtac, Azernews.az, Day.az, Milli.az, Trend.az, Turkic world