“Döyüşən rəssamlar” adlı sərgi və “Azərbaycantelefilm” studiyasının istehsalı olan “Kətan, Vətən” sənədli filminin nümayişi

Akt zalı, Sərgi Qalereyası
06.11.2023

6 noyabr 2023-cü il tarixində Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, AzTV və Azərbaycan Respublikasının Kino Agentliyinin birgə təşkilatçılığı ilə “Döyüşən rəssamlar” adlı tədbir keçirilib. Tədbirdə 1-ci Qarabağ savaşında və 44 günlük Vətən Müharibəsində döyüşən rəssam qazilərin döyüş təəssüratlarından ibarət “Kətan, Vətən” adlı sənədli film nümayiş olunub.

“Azərbaycantelefilm” studiyasının istehsalı olan dörd rəssamın müştərək işini əks etdirən filmdə 1-ci Qarabağ müharibəsində döyüşən Tərlan Eyvazov və İntiqam Ağayevin, həmçinin 2020-ci il Vətən müharibəsində döyüşən Cavidan Rəhmətov və Fərid Əhmədovun müharibəyə insani və yarıdıcı yanaşmaları yer alıb. Detallarla zəngin olan filmin senari müəllifi və rejissoru Rövşən Nicat, operatoru Elxan Rüstəmov, layihə rəbəri isə Elçin Musaoğludur.

Film boyu danışılan kövrək xatirələrin, işlənən rənglərin müşayiəti ilə 6 metrlik kətan üzərində çəkilən “Zəfərə gedən yol” adlı əsər yaranıb. Filmin sonunda göstərilən dörd rəssamın 6 metrlik kətan üzərində birgə çəkdikləri "Zəfərə gedən yol" adlı panno sərgidə nümayiş olunub.

Muzey mərkəzinin 3 sərgi zalında ümumilikdə 6 rəssamın 55 işi təqdim olunub. Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədovla yanaşı Pəri Əsgərova və Fəxri Musazadənin də əsərləri nümayiş olunur. Sərgilənən əsərlər Zəfər yoluna və bu yolda önəmli pay sahibi olan şəxslərə həsr olunub.