Dünya Vəkil Cübbələri və Atributları Sərgisi
28 dekabr “Vəkil günü” peşə bayramı ərəfəsində, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə 17 dekabr 2021-ci ildə Muzey Mərkəzində “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (KNP) təşkilatçılığı ilə “Dünya Vəkil Cübbələri və Atributları” sərgisinin açılış mərasimi baş tutmuşdur.
Sərgidə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun şəxsi kolleksiyası olan müxtəlif ölkələrin vəkil, hakim cübbələri və atributları nümayiş olunmuşdur. Bundan başqa sərgidə həmçinin Bakı şəhər Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin zəngin şəxsi kolleksiyasına aid olan, vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları nümayiş olunmuşdur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi ilə “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda Dünya Vəkillik tarixinin simvolu olan “Dünya Vəkil Cübbələri və Atributları Muzeyi” yaradılmış və dünyanın müxtəlif ölkələrindən Vəkil cübbələri (Mantiya) gətirilmişdir. Muzeydə olan Cübbələr müxtəlif ölkələrin Vəkil Kollegiyaları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Səfirlikləri və xarici ölkələrdə yaşayan həmyerlilərimizin dəstəyi və səyi nəticəsində əldə edilmişdir. Muzey gənc hüquqşunaslar və tələbələr üçün əhəmiyyətli məlumat mənbəyi olacaqdır. Dekabr ayının 17-29 tarixləri arasında Muzey Mərkəzində Dünya Vəkil Cübbələri və atributları sərgisi keçirilir. Gələcəkdə isə sərbəst və daimi fəaliyyət göstərən Vəkil, Hakim Cübbələri və vəkillik simvolikalarından ibarət Muzeyin yaradılması planlaşdırılıb.
Kolleksiyanın toplanmasına 2019-cu ilin dekabr ayında Çinin Quanjou şəhərində keçirilən beynəlxalq vəkillər konfransında Çin Vəkillər Kollegiyası tərəfindən vəkil Kamandar Nəsibova hədiyyə edilən vəkil mantiyası və döş nişanı ilə başlanılmış və 2021-ci il sonuna qədər ağır pandemiya şəraitində 70 Vəkil və Hakim Cübbələri müxtəlif ölkələrdən toplanaraq gətirilmişdir. Lakin, xarici ölkələrin Vəkillər Kollegiyaları ilə danışıqlar davam edir və gələcəkdə Vəkil Mantiyalarının sayı 100-dən çox ölkəni təmsil edəcək. Həmçinin yaradılacaq Muzeydə müxtəlif ölkələrin Hakim Cübbələri də yer alacaq.
Cübbələrlə yanaşı sərgidə Vəkillik atributları da nümayiş etdirilir.
Müasir dövrdə ədalət mühakiməsi sisteminin təməli sayılan hakim, prokuror və vəkillər bir qayda olaraq məhkəmə proseslərində xüsusi geyim formasında cübbədə (mantiyada) iştirak edirlər. Cübbə ərəb mənşəli sözdür və mənası üstdən geyinilən, uzun ətəkli, enli, düyməsiz geyimdir. Yunan mənşəli mantiya sözü də eyni mənadadır.
Vəkil (eyni zamanda hakim) sözünün də ərəb mənşəli olduğunu nəzərə alaraq, gələcəkdə “vəkil mantiyası” əvəzinə, “vəkil cübbəsi” ifadəsinin işlədilməsi daha məqsədəuyğundur. Cübbə sözü türkdilli xalqlarda da geniş istifadə olunur.
Əsasən qara rəngin üstünlük təşkil etdiyi cübbələr adi geyim forması olmamaqla vicdanın və tərəfsizliyin simvolu kimi qəbul olunur. Qara rənginin içində heç bir rəngin olmaması isə ədaləti təmsil etməsidir. Bu səbəbdən vəkil cübbələri arasında qara rəngə daha çox üstünlük verildiyini rahatlıqla görə bilərik.
Vəkil cübbələrinin tarixinə baxıldığı zaman onun bir çox mərhələlərdən keçdiyini görə bilərik. Mantiyanın ilk olaraq Qədim Romada qarşımıza çıxmasının səbəbi o dövrdə vəkillərin şəhərləri gəzərək haqqını tələb edən insanlara köməklik göstərməsi ilə bağlı olmaqla yuxarı sinfin diqqətini çəkmək üçün qara rəngli geyimə zərurət yaranmışdır.
Orta əsrlər Almaniyasında günümüzdə ən etibarlı peşələrdən olan vəkilliyə münasibət fərqli idi. Nüfuzu olmayan, hüquq təhsili almayan vəkillər oxuyub-yazmağı bacara bilməyən insanlara məhkəmə çəkişmələrində və idarələrdə ödənişli əsaslarla hüquqi xidmətlər göstərirdilər. 1726-cı ildə vəkillərə mantiya geyinməyi məcbur edən qərarnamə qəbul edilmişdir. Həmin qərarnamədə deyilirdi: “Vəkillər dizlərini örtən uzunluqda qara mantiya geyinməlidirlər.
Avropanın digər ölkələrindən olan Fransa və İngiltərədə isə 1574-1715-ci illərdə vəkillər birlik formasında təşkilatlanmışdılar və şəxs ora qəbul zamanı and içməli, xüsusi parik taxmalı və mantiyadan istifadə etməli idi.
Təəssüf ki, ötən əsrlərdə, həmçinin Azərbaycan Xalq Cumhuriyyəti və keçmiş SSRİ dövründə vəkillərin xüsusi geyimi olmamışdır.
Müstəqillik dövründə xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində 28 dekabr 1999-cu il tarixdə respublikamızın ilk “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunu qəbul edildi. Mütərəqqi müddəaları ilə seçilən bu Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vəkilləri məhkəmə iclaslarında xüsusi geyimdə iştirak etməlidirlər. Xüsusi geyim formasının təsvirinin təsdiq edlməsi isə Vəkillər Kollegiyasının Ümumi yığıncağına həvalə edilmişdir.
Bundan sonra “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11.03.2005-ci il tarixli Sərəncamında vəkillərin xüsusi geyim formasının hazırlanması üçün vəsait ayırılması tapşırılmışdır.
Kollegiyanın Rəyasət Heyəti tərəfindən qeyd olunanlar nəzərə alınaraq vəkillərin xüsusi geyiminin tarixi, məqsədi, ümumi forması, istifadə olunan rəngləri, tətbiqi qaydası və s. məsələlər öyrənilməklə müvafiq nümunə hazırlanmış, rəy və təkliflərin öyrənilməsi məqsədilə vəkil qurumlarında nümayiş etdirilmişdir. Daha sonra vəkillərdən daxil olmuş rəylər də nəzərə alınaraq 8 aprel 2006-cı il tarixdə keçirilmiş Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında (konfransda) bu gün istifadə etdiyimiz cübbə forması təsdiq olunmuşdur.
Qeyd edildiyi kimi vicdanın və tərəfsizliyin simvolu olan qara rəngli cübbəmizdə yaxalıq qara atlasdan, boyun yaxalığı və biləkliyi yaşıl atlasdan hazırlanıb, kənarları isə nazik qızılı xətlə haşiyələnmişdir. Cübbənin yaxalığının üzərində milli ornamentimiz olan odlar yurdunu tərənnüm edən buta, həmçinin tərəfləri sülhə və barışığa səsləyən zeytun budaqları təsvir edilmiş qızılı lentlə haşiyələnmişdir.
Rənglərlə bağlı digər məqam da qeyd edilməlidir ki, yaşıl rəng ümid yerini tərənnüm edir.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22.02.2018-ci il tarixli Sərəncamında qeyd edildiyi kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.
Ölkə başçısı tərəfindən sözügedən Sərəncamla, həmçinin digər aktlarla vəkilliyə göstərdiyi diqqət və qayğı, fəaliyyətimizə verilən yüksək qiymət, göstərilən böyük etimad olmuşdur. Kollegiyanın üzvləri tərəfindən vəkilliyin nüfuzunun artırılması məqsədilə öz gözəlliyi, rənglərinin harmoniyası ilə seçilən bu xüsusi geyimimizi məhkəmələrdə fəxr və qürur hissi ilə geyinilərək hüquq müdafiə fəaliyyətini həyata keçirirlər.
“Ölkəmizin tanınmış vəkillərindən olan Kamandar Nəsibov tərəfindən vəkiliyin inkişafına və nüfuzunun artırılması işinə verilmiş töhfələrdən biri də onun xarici ölkələrin cübbələrini (mantiyalarını) toplayaraq böyük bir kolleksiya, daha doğrusu muzey yaratmasıdır. Hazırda dünyada vəkil cübbələrindən (mantiyalarından) ibarət olan ilk və tək muzey Fransada yerləşsə də, tam əminliklə deyə bilərik ki, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda təşkil olunmuş bu muzey eksponatların sayı, saxlanma şəraiti və zənginliyi ilə hər zaman daha yüksək zirvədə olacaqdır.
Bu geniş kolleksiyanın vəkillərimiz, məhkəmə və hüquq-mühafizə orqanlarının əməkdaşları, gənc hüquqşünaslar, ümumən yerli və xarici hüquq ictimaiyyəti üçün böyük maraq doğuracağına inamım böyükdür.” – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov.