İstiqlal şairi Əhməd Cavadın anadan olmasının 130, vəfatının 85-ci ildönümü münasibəti ilə hazırlanmış ədəbi bədii tədbir və “Türk ruhunun söz bayrağı Əhməd Cavad” adlı kitabın təqdimat mərasimi

Akt Zalı
13.09.2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022 – ci il tarixində Əhməd Cavadın 130 – cu ildönümünün qeyd olunması haqqında sərəncam imzalamışdır. Həmin sərəncam çərçivəsində Milli Məclisin Mədəniyyət Komitəsi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 13 sentyabr 2022 – ci il saat 1200 – da Azərbaycan İstiqlal muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130, vəfatının 85 – ci ildönümü münasibəti ilə hazırlanmış ədəbi bədii tədbir və “Türk Ruhunun Bayrağı Əhməd Cavad” adlı kitabın təqdimatı keçirildi.

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

Tədbirdə Milli Məclisin Mədəniyət komitəsinin eksperti Əkbər Qoşalı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, “Türk Ədəbiyyat” dərgisinin baş redaktoru yazıçı, tərcüməçi İmdat Avşar, “Əhməd Yəsəvi” dərnəyinin rəhbəri Fatma Sönməz, Əhməd Cavad ocağının nəticəsi Cavad Axundzadə, AMEA-nın Fəlsəfə və sosialogiya İnstitutunun aparıcı elmi işçisi dos.dr Faiq Əkbərli, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və digər qonaqlar çıxış etdilər.

Ədəbi – bədii tədbirdə Əməkdar artist Ağalar Bayramov – “Azərbaycan bayrağına” şeirini, Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik musiqiləri səsləndirdilər.

Tədbir çərçivəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın və AMEA Fəlsəfə və sosialogiya İnstitutunun aparıcı elmi işçisi dos.dr Faiq Əkbərlinin müəllifi olduğu “Türk Ruhunun Bayrağı – Əhməd Cavad” adlı kitabın təqdimat mərasimi keçirildi.

Sonda tədbir iştirakçıları Azərbaycan İstiqlal muzeyinin ekspozisiyası ilə və 1937-ci repressiya hadisələrinin 85-ci ildönümünə həsr olunmuş sərgi ilə tanış oldular. Sərgi oktyabrın 30-a qədər davam edəcək.

Tədbirdə Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri, istiqlal şairinin ailə üzvləri, könüllülər, hərbiçilər, muzey əməkdaşları və digər qonaqlar iştirak etdilər.