Bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunmuş «Muzeydə musiqi gecələri» layihəsi çərçivəsində keçirilən üçüncü portret-konsert

Akt zalı
28.02.2024

Bakı Müasir Musiqi Cəmiyyətinin və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə Musiqi Gecələri” sizi növbəti portret-konsertinə dəvət edir. 28 fevral saat 19:00-da Muzey Mərkəzində ( III mərtəbə, akt zalı) keçiriləcək portret-konsert bu dəfə bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığından bəhs edəcək.

Yaradıcılığına 1960-cı illərdə başlayan Xəyyam Mirzəzadə elə həmin illərdə Ü. Hacıbəyli adına Konservatoriyada (indiki Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası) Qara Qarayevin baş asistenti kimi müəllimliyə başlayır, 1969–1983-cü illərdə bəstəkarlıq kafedrasına rəhbərlik edir. Ömrünün 49 ilini pedaqoji fəaliyyətlə keçirir, bilik və bəstəkarlıq təcrübələrini tələbələrinə ötürür və onların tələbəlikdən sonrakı yaradıcılıqları ilə də daim maraqlanır və dəstək olurdu. Ömrünün son dövrlərinə qədər musiqi yazır və tələbələrinə öz tövsiyələrini verirdi.

Xəyyam Mirzəzadə öz simfonik dilini və üslubunu tapmış olan nadir bəstəkarlardandır ki, eyni vüsətlə kamera, dram tamaşalarına və film musiqisində də çoxlu sayda bənzərsiz nümunələr yaratmışdır. Onların arasında “Triptix”, “Oçerk – 63”, “Pianto”, “Violin konserti”; filmlərdən “Yeddi oğul istərəm”, “Bizim küçə”, “Bağ mövsümü” və s. misal olaraq göstərmək olar. Əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub və aktuallığını itirmədən daim ifaçıların repertuarlarından düşmür.

Portret-konsertdə bəstəkarın simli kvartet üçün miniatürləri və müxtəlif solo alətlər üçün yazılmış əsərləri ifa olunacaq. Konsertin solistləri Fatimə Nəsirli (violin), Humay Hacızadə (viola), Humay Qasımzadə (piano) və s. olacaqlar. İfaçılar: Ümid Mustafazadə (violin), Nihad Məmmədov (violin), Əli Əmişov (viola), Ərol Rzayev (violonçel).

Portret-konsertin moderatoru musiqişünas Şəfaqət Məmmədovadır.