Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nairliyinin Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisinin təntənəli açılış mərasimi keçirilmişdir. Tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Abdulqappar Qırğızbayev, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və rəssam Fikrət İbrahimli çıxış etmişdirlər. Sərginin koordinatoru və aparıcısı Əkbər Qoşalı olmuşdur.
Fərdi sərgi rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Muzey Mərkəzi tərəfindən təşkil olunub.
Tanınmış Azərbaycan rəssamı Fikrət İbrahimli Neftçala rayonunda anadan olub. Onun ilk sənət müəllimi Nefçalada tanınmış təsviri sənət müəllimi Adil Hacıyev olub. Rəssam ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, porteret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Tarixi İçərişəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük savaşda göstərmiş olduqları qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunub. Fikrət İbrahimlinin alınmaz qala - Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi ayrıca qeyd olunmağa layiqdir.
Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını və rəssam təxəyyülünü tam aydınlığı ilə biruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub.
Fikrət İbrahimli Azərbaycan xalçaları, milli mədəniyyət nümunələri fonunda bir-birindən maraqlı, diqqəti cəlb edən bir çox natürmortlar yaradıb. Rəssam Azərbaycan neməntəlrinin, xüsusən də narların rəsmlərini təsvir etməklə maraqlı natürmort kompozisiyaları yarada bilib.
Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar.
Təsviri sənətin mayasını rəsm təşkil edir. Bu baxımdan Fikrət İbrahimlinin yaradıcılılığında təbii ki, rəsm nümunələri geniş yer tutur. Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış oduğu, rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 60 yaxın sənət nümunələri nümayiş olunur.