“My heart Shusha!” virtual sərgi
19.01.2021Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sizlərin diqqətinə azərbaycanlı və əcnəbi rəssamların əsərlərindən ibarət "My heart Shusha!" slayd-şousunu təqdim edir. Slayd-şou Azərbaycan ordusunun 8 noyabr 2020-ci il tarixində erməni işğalından azad etdiyi qədim Şuşa şəhərinə və Azərbaycanın Qarabağ uğrunda apardığı Vətən müharibəsinin qələbəsinə həsr olunur.
Slayd-şouda müğənni Ülviyyə Salayevanın ifasında, sözləri şairə Leyla Bəyimə, musiqisi hazırda Almaniyada yaşayan tanınmış skripkaçı Anar Bramoya məxsus musiqili kompozisiya fon musiqisi qismində səsləndirilir.
Burada Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, İsmayıl Məmmədov, Əsmər Nərimanbəyova, Tofiq Abbasov, Asif Azərelli, Elşən Hacızadə, İntiqam Ağayev, Rövşən Bayramov, Natiq Fərəcullazadə, Vüqar Əli, Fuad Manafov, Nərmin Abdullayeva, Orxan Hüseynov, Mətanət Niftəliyeva, Nigar Familsoy, Röya Həsənova, Samirə Allahverdiyeva, Elçin Hüseyn, Fatimə Ağayeva, Kamilla Muradova, Aynurə Mustafayeva, Nuray Allahverdiyeva, Həlimə Əsgərova və latviyalı rəssam Datse Ştrausa kimi rəssamların əsərləri yer alıb. Onların kətanlarında Azərbaycan mədəniyyətinin beşiyi, mübarək Qarabağ torpağının incisi sayılan-Şuşa müxtəlif mövsümi geyimə bürünmüş, fərqli rakurslardan - gah quş uçuşu səviyyəsindən, gah da geniş planda, məşhur məscidləri və digər memarlıq abidələri şəklində, öz sadə və məşhur sakinlərinin obrazında təsvir edilir. Həmçinin, slayd-şouda nümayiş olunan əsərlərdə Qarabağın məşhur orxideyası "Xarı Bülbül"ü və cins atlarını da görmək olar.
Dünyaya öz xalq musiqisi - muğamı və Azərbaycanın əsas xalq sənətkarlığı - xalçaçılıq sənəti məktəblərini verən bu şəhəri, Azərbaycanın Prezidenti İlham Əliyev "müqəddəs şəhər, bütün azərbaycanlılar üçün qala-abidə" adlandırdı. Muğamı və xalçalarından başqa Şuşa həm də zəngin evlər üçün ənənəvi olan divar rəsmləri- freskaları, milli geyim və zərgərlik sənətində özünəməxsus üslubu ilə də tanınırdı. Çoxtərəfli istedad onun sakinlərini fərqləndirirdi. Belə ki, məşhur şairə Natəvan gözəl şerlər yazmaqla yanaşı, həmçinin görkəmli rəssam və əl işləri sənətkarı idi.
2021-ci il yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyev əsrlər boyu bütün Qarabağın mədəniyyət mərkəzi kimi xidmət edən bu şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi.Ölkəmizin prezidenti Şuşa şəhərində bir vaxtlar müntəzəm olaraq keçirilən ənənəvi mədəni tədbirlərin - “Xarı Bülbül” beynəlxalq folklor musiqi festivalının və “Vaqif Poeziya Günləri”-nin dirçəlməsinə sərəncam verdi. İndi, Azərbaycanın qəlbi olan bu şəhəri təxminən otuz illik əsarətin qandallarını ataraq yenidən canlandığı bir vaxtda, Sizi onun özünəməxsus görünüşünü məhəbbətlə təsvir edən rəssamların əsərlərində izləməyə dəvət edirik. Şuşa Qarabağdır! Qarabağ Azərbaycandır! Biz qələbəmiz ilə qürur duyuruq!
Layihənin müəlifi və kuratoru: Liana Vəzirova, Muzey Mərkəzinin direktoru
Layihənin koordinatoru: Samirə Nuriyeva, Muzey Mərkəzi Sərgi qalereyasının ekspozisiyasının müdiri
Materialların yığılması: Dürdanə Qurbanova, Muzey Mərkəzi Sərgi qalereyasının baş nəzarətçisi.
Mətn: Nailə Bənnayeva, Sənətşünas, jurnalist
Dizayn: Fəxriyə Məmmədova, rəssam, dizayner, fotoqraf
Baku Modern Art qrupunun rəhbəri Afaq xanım Quliyevaya dərin minnətdarlığımızı bildiririk.