“Bizi yurdumuza qaytarın” adlı sərgi-konfrans
27.11.2018 - 29.11.2018Tədbirin təntənəli açılışı: 27 noyabr 16:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan İstiqlal Muzeyi, Muzey Mərkəzi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının, Azərbaycan İstiqlal Muzeyinin, Muzey Mərkəzinin təşkilatçılığı ilə 27 noyabr 2018-ci il tarixdə Muzey Mərkəzinin Sərgi Qalereyasında və Dairəvi zalında BİZİ YURDUMUZA QAYTARIN! Şüarı adı altında işğal olunmuş rayonların Tarix Diyarşünaslıq və digər muzeyləri vasitəsi ilə zəbt olunmuş torpaqlarımızla bağlı çağırışların edilməsi mövzusunda konfrans- sərgi keçirildi.
Sərgi-konfransda dövlət və hökumət orqanlarının, Milli Məclisin, Azərbaycanda akreditasiya olunmuş səfirliklərin, beynəlxalq və yerli QHT təmsilçilərinin, KİV-lərin, işğal olunmuş rayonların mədəniyyət müəssisələrinin nümayəndələri, ali məktəblərin tələbələri və s. iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edildi.
Tədbiri giriş sözü ilə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayevə işğal olunmuş rayonların məcburi köçkünlük taleyi yaşayan muzeylərinin ilk dəfə olaraq birlikdə keçirdikləri bu tədbirə göstərdiyi maddi və mənəvi dəstəyə görə öz təşəkkürünü bildirdi. “Bizi yurdumuza qaytarın” şüarı adı altında keçirilən sərginin məcburi köçkünlük taleyi yaşayan muzeylərdə saxlanılan eksponatların dili ilə səsləndirildiyini bildirdi. 26 ildən artıq bir dövrü məcburi köçkünlük taleyi yaşayan insanlarımızın problemlərinə biganə yanaşan beynəlxalaq təşkilatların cansız əşyaların dili ilə xatırlatmağın simvolok məna daşıdığını, mənəvi məsələ olduğunu bildirdi.Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Cənab Əbülfəs Qarayev çıxış edərək Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində 20 %-dən artıq torpaqlarımızın işğal edildiyini, 1 milyondan artıq soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkünə çevrildiyini, onlarla tarix və mədəniyyət abidələrimizin erməni vandalizminə uğradığını bildirdi. Nazir çıxışında Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti apardığını, Azərbaycanın qədim maddi və mədəni irsini talan etməklə bərabər, mədəniyyət abidələrinin üzərində qeyri-qanuni özününküləşdirmə işlərini davam etdirdiyini vurğuladı.
Nazir çıxışında 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təxmini hesablamalara görə dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa respublikamıza dəymiş ümumi zərərin məbləğinin 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil etfiyini bildirdi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və 1-ci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoş Məramlı Səfiri Mehriban Xanım Əliyevanın bütün sahələrlə bərabər Azərbaycanın maddi –mədəni irsinin qorunmasında göstərdikləri diqqət və qayğıya görə öz təçşəkkürünü bildirən Mədəniyyət Naziri bu gün köçkünlük taleyi yaşayan muzey eksponatlarının işğaldan azad olunacaq torpaqlarda öz muzey binalarında sərgilənəcəyinin uzaqda olmadığını bildirdi.
Tədbirdə digər çıxış edən qonaqlar: Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Laçın rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və digərləri Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən maddi və mənəvi ziyana diqqət çəkərək beynəlxalq təşkilatların bu məsələdə tutuduqları mövqenin ikili standartlardan xəbər verdiyini, Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq hüquqi qiymətin verilmədiyini diqqətə çatdırdılar. Buna baxmayaraq bütün çıxışçılar Azərbaycan respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarının düşmən tapdağından azad olunacağını, insanlarımızla bərabər köçkünlük həyatı yaşayan muzeylərimizin də nisgilinə son qoyulacağını əminliklə bildirdilər.
Sərgi noyabr ayının 29-na dək davam etdirildi.