Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş “Gəmiçilik-160” adlı təsviri incəsənət sərgisi
01.10.2018 - 03.10.2018Tədbirin təntənəli açılışı: 01 oktyabr 18:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə 1 oktyabr 2018-ci il, saat 19.00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında “Gəmiçilik 160-il” təsviri incəsənət sərgisinin açılış mərasimi baş tutdu.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubiley ərəfəsində təsviri incəsənət müsabiqəsi keçirməsi heç də təsadüfi deyil. Məlumdur ki, ölkədə bütün sahələrə, o cümlədən mədəniyyətə dövlət səviyyəsində böyük diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyev mədəniyyəti hər zaman xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Ulu Öndər mədəniyyət xadimləri ilə görüşündə deyirdi ki, yüksək mədəniyyətə malik xalq həmişə irəli gedəcək, yaşayacaq və inkişaf edəcək.
Bu gün Ümummilli Liderin ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyevin də siyasi xəttinin əsas prioritetlərini təşkil edir. Ölkə başçısının, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Azərbaycan mədəniyyəti bütün dünyada tanınır və təbliğ olunur. Bunların sırasında musiqi, teatr, kino, təsviri incəsənət və mədəniyyətin digər istiqamətlərini göstərmək olar.
Elə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin 160 illik yubileyi çərçivəsində gənc rəssamlar arasında gerçəkləşdirdiyi təsviri incəsənət müsabiqəsi və sərgisi də ölkə mədəniyyətinə kiçik bir töhfədir.
Muzey Mərkəzinin Sərgi Qalereyasında açılış mərasimi keçirilən sərgidə 100-dən çox təsviri incəsənət (rəngkarlıq, qrafika, heykəltəraşlıq) əsəri yer alıb. Bu işlər “Gəmiçilik – 160 il”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularını əks etdirir. Belə ki, təsviri incəsənət nümunələrində Xəzər dənizçilərinin çətin və spesifik əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi, Xəzərin əlverişli su yolu olması, zəngin təbii sərvəti, gözəl mənzərələri, biomüxtəlifliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə və beynəlxalq sulardakı fəaliyyəti əks etdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi çərçivəsində keçirdiyi təsviri incəsənət müsabiqəsinə böyük maraq olub. Respublikamızın ayrı-ayrı şəhər və rayonlarından, xarici ölkələrdən ümumilikdə 100-dən çox əsər təqdim edilib. Onlardan 89-u şərtlərə uyğun gələrək müsabiqədə iştirak hüququ qazanıb.
Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün əsərləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələrindən ibarət münsiflər heyəti qiymətləndirib.Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarov, ADRA-nın prorektoru, xalq rəssamı Fuad Salayev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Səlhab Məmmədov, xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin sədri Xanlar Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, ARİ-nin qrafika bölməsinin sədri, əməkdar rəssam Həmzə Abdullayev, “AXDG” QSC-nin sədr müavini Fərhad Quliyev və “AXDG” QSC-nin departament rəisi, əməkdar jurnalist Mehman Mehdiyev ən yaxşı əsərləri müəyyən ediblər.
Həmin əsərlər “AXDG” QSC-nin rəsmi facebook səhifəsi üzərindən sentyabrın 1-dən 15-nə kimi açıq səsverməyə də çıxarılıb və “Facebook” səsverməsinin qalibləri də müəyyənləşib.
Onu da əlavə edək ki, müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət nəfis tərtibatda kataloq çap olunub. Sərgi oktyabr ayının 7-dək davam edəcək. Giriş sərbəstdir.