Fərhad Fərzəliyevin “Həyat yaradıcılıqdır” adlı fərdi sərgisi
24.10.2018 - 30.10.2018Tədbirin təntənəli açılışı: 24 oktyabr 18:30
Sərgi Qalereyası
Təşkilatçılar: Muzey Mərkəzi
24-30 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında keçiriləcək rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi çərçivəsində müəllifin 55 rəngkarlıq, 30 qrafika və 12 keramik işləri nümayiş olunacaqdır. Sərgi rəssamın anadan olmasının 65 illiyinə həsr olunur.
Fərhad Həmzəliyev (1953-2008) o yaradıcılıq kateqoriyasına aid adamlardan idi ki, onlar üçün incəsənət həqiqətən həyatın yeganə və hər şeydən üstün işidir, mənasıdır. Fərhad üçün həmişə hər şey azlıq edirdi, çatışmırdı... Mövzuların yeni və ya dünya kimi köhnə olmasından, motivlər və texnikalardan asılı olmayaraq, yaxud fırça və ya qələmlə ənənəvi iş görməsinə, ya da gildən, şüşədən, ağacdan müxtəlif formalar yaratmasına baxmayaraq həmişə hər şey azlıq edirdi. Yaradıcılığa vaxtı çatmır, oxuduğu kitablarla kifayətlənə bilmir (hələ nə qədər də oxumaq istəyirdi!), incəsənətdə ilk baxışdan aydın hesab edilən və artıq çoxdan həllini tapmış kimi görünən işıq və rəng, forma və onun fəzadakı rolu, simmetriya və asimmetriya problemlərini uzun-uzadı müzakirə edə biləcəyi dostlarını az hesab edirdi (daha çox həmfikir toplamağı arzulayırdı!)... O, incəsənətin “əbədi sualları” müstəvisində yaşayaraq öz dərslərini də elə bir əsil sınaq meydanına çevirirdi ki, tələbələri ona növbəti “tapşırıqlarını” göstərərkən müəllimlərinin hansısa yeni yaradıcılıq təklifi verəcəyinə həmişə hazır olurdular.
Müəllifinin adı geniş tamaşaçı kütləsinə az tanışdır. Hətta rəssamlar arasında da onu heç də hamı tanımırdı. Amma bu ad Fərhad Həmzəliyevin hərtərəfli və yaxından peşə dəstəyi göstərdiyi, onların ayağa durması və ustalığın əsaslarını mənimsəməsi üçün kömək etdiyi, bu gün rəngkarlıq və dekorativ-tətbiqi sənət növlərinin müxtəlif sahəsində çalışan gənc sənətkarlar üçün çox böyük əhəmiyyət daşıyır. Azərbaycan Memarlıq və İnşaat Universitetində onun rəhbərliyi altında rəsm və rəngkarlıq sənətini öyrənmiş gənc memarlar və dizaynerlər də öz müəllimlərini yaxşı tanıyırlar. Burada, Təsviri incəsənət kafedrasında Fərhad çox işləməyib – cəmi 3 ilə yaxın... Ancaq onu bu günədək xatırlayırlar, o, sonuncu dəfə dərsdən sonra məhz buradan öz emalatxanasına getmiş və oradan isə bir daha evinə qayıtmamışdır.
Fərhad Həmzəliyev sənətkarlar arasında “Muxinka” (yaxud “Muxa”) adlandırılan, məlum olduğu kimi zaman və praktikanın sınaqlarından üzü ağ çıxmış incəsənət qanunlarının belə heç vaxt doqmaya çevrilmədiyi məşhur V.İ Muxina adına Leninqrad Ali Sənaye-İncəsənət məktəbini (hazırda A.L. Ştiqlits adına Sankt-Peterburq Dövlət Sənaye-İncəsənət Akademiyası) bitirmişdi. Nə zamansa (1876-cı ildə) “texniki rəssamlıq məktəbi” kimi, yəni sənaye sahəsində dekorativ-tətbiqi incəsənət rəssamlarının, eləcə də rəsm və rəsmxət müəllimlərinin hazırlanması üçün nəzərdə tutulan bu təhsil ocağında hələ bu günədək də monumental dekorativ-tətbiqi, sənaye və bərpa incəsənəti üzrə rəssamlar hazırlayırlar. Məktəbdə mövzu mühitinin dəyişdirilməsinə yönəlmiş tədris proqramı bədii və texniki fənlərin sintezindən ibarət idi. Tələbələr təkcə, incəsənət yaradıcılığının, misal üçün, kaşı, ağac üzərində oyma, çini üzərində rəsm, tarix və mədəniyyət abidələrinin bərpası, monumental-dekorativ rəngkarlıq və heykəltəraşlıq, metalın, saxsı və şüşənin bədii emalı kimi formalarını deyil, həmçinin interyerlərin, mebel, paltar, sənaye avadanlıqlarının dizaynı da daxil olmaqla tipik sənaye sahəsinin qurulmasına aid biliklər də əldə edirdilər.
Fərhad Həmzəliyev köklü abşeronlu idi. Rəssamın həyatı lap kiçik vaxtlarından neftlə bağlı olmuşdu. Babası Qurban Quliyevin Suraxanıda neft mədənləri var idi. Atası İslam Həmzəliyev bütün şüurlu həyatı boyunca neft mədənlərində işləmişdi. Dayısı Musa Quliyev uzun illər “Qaradağneft” NQÇİ-yə rəhbərlik etmişdi. Düşünmək olardı ki, sülalə müqəddəsdir.... Əvvəlcə Suraxanıda, sonra isə Mərdəkanda böyüyən Fərhad Abşeron təbiətinin sakit, ancaq sonsuz dərəcədə cəlbedici gözəlliyini özünəməxsus şəkildə dərk edirdi. Daima rəng və çalarlarını dəyişən dəniz, rəngdən-rəngə çalan qumluqlar, ağ-qırmızı parlaq çiçəkli həmişəyaşıl oleandrlar, öz ətri ilə insanı bihuş edən yaz iydələri, enli yarpaqları ilə öz aralarında emosional söhbətlər aparan əncir bağları, Abşeron küləklərinə sinə gərən tut ağacları... Bütün bunlar rəssamın işlərində, xüsusilə də rəngkarlıq əsərlərində öz geniş əksini taparaq al-əlvan xalını xatırladır.
Rəssam rəngkarlıqla 1990-cı illərdə əsil ciddiyyətlə və daha çox məşğul olmağa başlayır: saxsı istehsalında yaranmış texniki çətinliklər öz sözünü deyirdi. İsmayıl Məmmədov və Darvin Vəlibəyov kimi parlaq istedadlı rəssamlarla sıx əlaqə də göydəndüşmə fürsət kimi idi. Onlar incəsənətin əsil dəyərini bədii ifadə vasitələrinin azad mövcudluğunda görürdülər. Onlar formanı incəsənət əsərinin bizim hissiyyat orqanlarımıza əsas təsir amili hesab edən, əsərin tamaşaçıda hər hansı emosiya doğurmasında əsas rolu formaya ayıran rəssamlar idi. Bu ustalar insan fəaliyyəti kimi incəsənətin güc və unikallığını süjetdə deyil, məhz formada – onun arxitektonikasında, müstəvilərin qarşılıqlı təsirində, horizontal və vertikalların kəsişməsindən ibarət özəyində görürdülər. Bütün bunlar Fərhadın qəlbinə çox yaxın idi, onun daxili cəhdlərinə, istəklərinə cavab verirdi, üçölçülü formaların ustası kimi onun fikirləri ilə üzvi şəkildə uzlaşırdı.
Onun rəsm əsərləri çoxşəkillidir. Onlar təkcə müxtəlif janrlara aid deyil, həm də rəsmin müxtəlif maneraları ilə icra edilib və bəzən bir-biri ilə tamamilə ziddiyyət təşkil edən istiqamətləri təmsil edirlər. Məsələn, obyektiv realizm və həndəsi abstraksionizm, dramatik ekspressionizm və sentimental romantizm kimi.
1990-cı illərin sonu, 2000-ci illər rəssamın yüksək yaradıcılıq fəallığı dövrü idi. O, rəngkarlıqla olduqca çox və şövqlə məşğul olur, ancaq bu zaman “Muxinka”nın dərslərini də unutmur. Şüşə və güzgülərlə, ağac və metalla, sevimli saxsı ilə eksperimentlər keçirir, bütün bunlar texniki yeniliklərlə, eləcə də köhnə mövzuların yeni interpretasiyası ilə diqqəti cəlb edən hansısa “obyekt”lərin yaradılmasına aparıb çıxardırdı... Elə həmin dövrdəcə Fərhad o illər üçün tamamilə yeni olan bir texnologiya – rəssamlar qarşısında rənglərlə, kompozisiya, forma ilə eksperimentlər keçirmək üçün qeyri-məhdud imkanlar açan kompüter qrafikasını, “Pandora qutusunu” “kəşf” edir. Burada sistem özü bəzən rəssama gözlənilməz konfiqurasiyalar, həndəsi və təbii fiqurlar, rənglərin çalar və xəfif dəyişmələrini göstərir.
Deyirlər ki, elə yaşamaq lazımdır ki, öləndə utanmayasan... Hər bir insan tez və ya gec həyat və ölüm barədə düşüncələrə dalmalı olur... Cəmi 55 il yaşayan Fərhad Həmzəliyev güman ki, heç ölüm barədə düşünmürdü də. Sağlam, gözəl, nikbin, ürəyi yaradıcılıq eşqi və planları ilə dolu... O, molbert arxasında oturmuş halda, əlində fırça tərk etdi bu həyatı...
Biz müasir Azərbaycan incəsənətinin daha bir səhifəsini – Fərhad Həmzəliyevin yaradıcılıq irsini yenidən kəşf edirik!..