Rəssam Vədud Müəzzinin fərdi sərgisi
22.05.2018 - 26.05.2018Tədbirin təntənəli açılışı: 22 may 18:30
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi
2018-ci il may ayının 22-də, saat 18:30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Muzey Mərkəzi-nin təşkilatçılığı ilə rəssam Vədud Müəzzinin fərdi sərgisi keçiriləcəkdir.
Vədud Salim oğlu Müəzzin 1958-ci il avqust ayının 11-də İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuşdur. 1980-cı ildən peşəkar rəssamlıq fəaliyyətinə başlamışdır. Rəsm və incəsənət kurslarında iştirak etmiş, Türkiyənin Memar Sinan Universitetini bitirmişdir. ABŞ (Los Anceles, 1990), Fransa (Paris, 1992), Kanadada (1995), İranın Təbriz, Urmiya, Rəşd, Ənzəli və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil edilmişdir. Bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. Azərbaycan-İran mədəni əlaqələrinin yaranması və inkişafına xidmət edən rəssamın Bakıda ilk fərdi sərgisi 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində (indiki Milli İncəsənət Muzeyi) keçirilmişdir. Onun yaratdığı Ümummilli lider Heydər Əliyevin portreti də həmin sərgidə nümayiş etdirilmiş və tamaşaçıların rəğbəti ilə qarşılanmışdır. 2013-cü ildə rəssamın növbəti sərgisi Bakıdakı Muzey Mərkəzində təşkil olunmuşdur. O, 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Bu sərgidə Vədud Müəzzinin son illərdə İranda və Azərbaycanda yağlı boya ilə çəkilmiş 85 əsəri nümayiş olunacaqdır. Bu əsərlər müxtəlif mövzuları əks etdirir. Bunlardan mənzərə, natümort, portret və ictimai mövzular diqqət çəkir. Rəssam müxtəlif texnikalardan istifadə edərək ətrafdakı gözəllikləri canlandırmağa çalışmışdır. Bu əsərlər realistik janrda işlənmiş və onlarda nurun, işığın təsviri yüksək dərəcədə hiss olunur. Görkəmli sənətkarlardan Xan Şuşinski, Habil Əliyev, Alim Qasımov, Ömər Eldarov və başqaları rəssam tərəfindən kətan üzərində sanki həkk olunmuşdur.Sərgidə nümayiş olunan əsərlərdə dənizin coşan dalğaları, meşələrin dərinlikləri,təbiətdə olan rəngbərəng güllərin gözəllikləri təsvir olunmuşdur.Rəssamın son hədəfi ətrafımızdakı gözəlliklərə olan hislərini tamaşaçıya göstərməkdir.
Sərgi cari il may ayının 26-dək davam edəcəkdir. Sərgi Qalereyasının iş saatları: 10.00-18.00-dək