“Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival
13.03.2018 - 16.03.2018Tədbirin təntənəli açılışı: 13 mart 12:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Muzey Mərkəzi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 bəndinin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən 13 mart 2018-ci il tarixdə saat 12.00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçiriləcəkdir.
Art festivalda 14-29 yaşlı gənclərin heykəltəraşlıq, təkəlduz, dəmirçilik, qrafika, qravüra, keramika, xalçaçılıq, sərraclıq, misgərlik, qadın və kişi baş örtüklərinin hazırlanması, zinət əşyalarının hazırlanması, dulusçuluq sənətinin inkişaf etdirilməsi, musiqi alətlərinin hazırlanması, milli geyimlərin hazırlanması istiqamətləri üzrə işləri nümayiş ediləcəkdir.
Art festivalın keçirilməsində məqsəd – gənclərin Azərbaycanın milli-mədəni irsi haqqında məlumatlandırılması, onlara dövlət qayğısının artırılması, eyni zamanda adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir.
Festivalda Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şəki, İsmayıllı, Biləsuvar, Quba, Şəmkir, Gəncə, Mingəçevirdən dekorativ - tətbiqi sənət ustalarının əl işləri, xalq sənətkarlığı nümunələri nümayiş olunacaqdır.
Art festivalın açılış mərasimində dövlət rəsmilərinin və xarici ölkə səfirlərinin iştirakı nəzərdə tutulur.
İştirakçılara Gənclər və İdman Nazirliyinin diplomları təqdim ediləcəkdir.
Festival 16 mart 2018-ci il tarixinə qədər davam edəcəkdir. Giriş sərbəstdir.