Firəngiz Hüseynovanın «Qəlbin inciləri» adlı fərdi sərgisi
06.02.2018 - 11.02.2018Tədbirin təntənəli açılışı: 6 fevral 18:30
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru, Muzey Mərkəzi
6 fevral 19:00-da Muzey mərkəzinin Sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Firəngiz Hüseynovanın sərgisinin açılışı baş tutacaq.
Sərginin açılışında 100-ə yaxın əsər nümayiş etdiriləcək. Sərgi əsasən rəsm tablolarından ibarət olsa da, burada, həmçinin, ipək üzərindən naxış işləmələri və qrafika da yer alıb. Bu Firəngiz Hüseynovanın sayca artıq ikinci fərdi sərgisidir – rəssamın ilk sərgisi 2009-cu ildə keçirilib. O, həmçinin, xarici ölkələrdə keçirilmiş bir sıra müştərək sərgilərin də iştirakçısı olub. Firəngiz Hüseynovanın əsərləri Almaniya, Rusiya, ABŞ, İsrail, Çin, İspaniya kimi ölkələrdə fərdi kolleksiyalarda saxlanılır.
İxtisasca həkim olan, məşhur akademik Çazovun tələbəsi Firəngiz Hüseynova əsrin dörddə birini Respublika Diaqnostika Mərkəzi və Ailə Sağlamlıq Mərkəzində kardiodiaqnostika sahəsində müvəffəqiyyətlə çalışmışdır. “Hər bir insanın ürəyi – individual, təkrarolunmaz, unikaldır”, - Firəngiz xanım söyləyir. Özünün ən böyük həvəsi olan rəssamlığın mərkəzində də onun elə bu prinsipi dayanır. Həmin maraq sahəsi ki, tədricən ilk peşəsini sıxışdırıb çıxararaq onun əsas fəaliyyət sahəsinə çevrilir. Orada da onun hər bir obrazı təkrarolunmaz olub özünün tarixçəsinə malikdir.
Hələ uşaq yaşlarından əsərlərinə heyranlıqla yanaşan xalq rəssamı Davud Kazımovun qohumu gənc Firəngiz hər yay bağ evlərində Ömər Eldarov və Tokay Məmmədov kimi milli incəsənətimizin nəhəngləri ilə yaxın ünsiyyətdə olub. Azərbaycanın ilk qadın-heykəltəraşı əfsanəvi Zivər Məmmədova isə onun üçün heykəltəraşlıq və təsviri incəsənət sahəsində ilk müəlliminə çevrildi. Lakin, yuxarı siniflərdə biologiya fənninə olan marağı Firəngiz Hüseynovanı peşə seçimində qərarlaşmağa məcbur edir və o, atası akademik Ələddin Quliyevin məsləhəti ilə həkimlik sənətini seçir. Lakin, təsviri incəsənət tədricən öz yerini almağa başlayır: 2004-cü ildə Firəngiz Hüseynova Tatyana Kesarın başçılığı altında təsviri incəsənət studiyasının böyüklər qrupuna qoşulur və orada böyük uğurlar nümayiş etdirir.
İlk növbədə, Firəngiz Hüseynovanın əsərlərində qırmızı rəng çalarlarının aparıcı rolunu vurğulamaq lazımdır. O, özü də insan ürəyinin hərəkətlərini ifadə etməyə çalışdığını və bunun öhdəsindən ən yaxşı məhz qırmızı rəng qamması vasitəsilə gəldiyini etiraf edir. Məsələn, onun bır sıra natürmortları vardır ki, orada açıq-aşkar narın üstünlüyü özünü göstərir. Ümumiyyətlə, natürmortlar onun yaradıcılığında məxsusi yer tutur.
Firəngiz Hüseynovanın yaradıcılığında, eyni zamanda, çoxlu qadın, gənc xanım və qız obrazları da cəmlənib. Bu silsiləyə “Arzu”, “Səhranın atlısı”, “Gecə”, “Məktub”, “Aynanın qarşısında”, “Ana və uşaq”, “Gələcək balerina”, “Oyuncaqlı qız”, “Əkizlər” kimi tablolar aiddir. Bu obrazlar arasında portretlər də yer alıb ki, onlardan da biri Firəngiz xanımın ilk fərdi sərgisində iştirak etmiş rusiyalı müğənni Alsunun portretidir. Yeri gəlmişkən, bu tanınmış müğənni rəfiqəsinin gözlənilən sərgisinin də qonağı olacaq.
Firəngiz Hüseynovanın çoxşaxəli yaradıcı maraqlarının xüsusilə cəlbedici və parlaq istiqamətlərindən biri orta əsr Azərbaycan miniatür sənəti olmuşdur. O, əlyazmalar üçün məşhur illüstrasiyalar əsasında qarışıq texnika vasitəsilə əsərlər yaradır.
Sərgi fevralın 11-dək davam edəcək. Sərginin iş saatları: 10:00- dan 18:00-dək