Rəssam Niyaz Nəcəfovun «БЕЗ НАЗВАНИЯ» adlı fərdi sərgisi
28.11.2017 - 03.12.2017Tədbirin təntənəli açılışı: 28 noyabr 18:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru, Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il noyabr ayının 28-dən dekabrın 3-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında Niyaz Nəcəfovun sərgisi keçiriləcəkdir.
Sərginin açılışı noyabr ayının 28-də saat 18:00-da baş tutacaqdır.
Niyaz Təyyar oğlu Nəcəfov 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kiçik yaşlarından rəsm çəkməyə meylli olsa da, peşəkar rəssamlıq təhsili almayıb. 2003-2004-cü illərdə Azərbaycanın tanınmış sənətşünas alimi, Əməkdar incəsənət xadimi Leyla Axundzadə ilə tanışlığı onun yaradıcılıq həyatında yeni mərhələnin başlanğıcı olub. İlk dəfə məhz Leyla Axundzadənin rəhbərliyi ilə təşkil olunan müasir incəsənət sərgilərində iştirak edib. 2005-ci ildə “Kişi və qadın” sərgisində, 2007-ci ildə BMT-nin Cenevrə bölməsinin Millətlər sarayında keçirilən “Qobustandan yol gələn naxışlar” adlı sərgidə, həmin il Almaniyanın Kassel şəhərində, 2008-ci ildə Berlində, 2009-cu ildə 53-cü Venesiya Biennalesində və digər onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən sərgilərin əksəriyyətində Niyaz Nəcəfovun əsərləri də yer alır. 2008-ci ildə Bakıdakı “YarAdAn” qalereyasında, 2009-cu ildə isə Fransanın Azərbaycandakı səfirliyinin binasında fərdi sərgiləri təşkil olunub. Fransa səfirliyindəki sərgidən sonra Niyaz Nəcəfov müvəqqəti yaşamaq və işləmək üçün Parisə yollanmışdır. Orada çəkdiyi əsərlər, iştirak etdiyi sərgilər onun yaradıcılıq bioqrafiyasının önəmli bir səhifəsini təşkil edir. Rəssam 2010-cu ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi və təqdimatı ilə Misirdə keçirilən nüfuzlu “Qahirə” Müasir İncəsənət Biennalesinin iştirakçısı olmuşdur.
Rəssamın iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınmışdır. Son on il ərzində Niyaz Nəcəfov Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth etmişdir. Rəssamın əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilmişdir. Həmçinin onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Niyaz Nəcəfovun əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmalarına baxmayaraq, mövzusudan asılı olmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Rəsamın bəzi əsərlərini yalnız karikatura kimi qiymətləndirmək olar. Rəngkarlıq və rəsm arasında olan bu əlaqə, ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın stilinin əsas xüsusiyyətlərindən biridir. Bəzən, onun yaratdığı əsərlər – ifadəli satira, bəzən isə gizli yumordur. Onun əsərlərində əks olunan şəxslər, real insanlar deyil, daha doğrusu, bu obrazlarda hətta kimsə özünü tanıya bilər. Təəccübləndirən odur ki, insan daima yeni stilistik həllər axtarışındadır. Gecələri yatmir, işləyir. Bu gərginlik onun əsərlərində də hiss olunur. Onun emalatxanasında çoxlu sayda eskizlər vardir ki, bitmiş iri ölçülü əsərlər qədər maraqlıdır. Niyaz əsərlərində məzmunu kifayət qədər dəqiq əks etdirir. Onun “amansız”, və həyati müşahidələri dəqiqdir və heç bir detal rəssamın gözündən qaçmır. Niyaz Nəcəfov yaşananlar haqda əsərlər yaradır. Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel onun yaradıcılığını xarakterizə edir. O çoxşaxəli, həyatla, təcrübə ilə ilhamlanmış, parlaq rəng və bir cür sadəlövhlük ilə müşahidə edilir. Lakin, bu incəsənətin fonu və dərinliyi tutqun olaraq qalır və qorxu, ağrı və tənhalıq ilə qeyd olunur. Onun kimliyi, onun yaradıcılığını təyin etmək və yaxud da ifadə etmək elə də vacib deyil. Sadəcə olaraq, onun simasında həqiqətən də Azərbaycan müasir incəsənətinə özünəməxsus yenilik əlavə edən rəssamı görmək lazımdır.
Sərgi dekabr ayının 3–dək davam edəcək. İş saatı 10.00-dan 18.00 -a dək dir.