“Günəşə doğru” Gənc rəssam Fidan Əliyevanın ilk fərdi sərgisi
07.10.2016 - 13.10.2016Tədbirin təntənəli açılışı: 7 oktyabr 19:00 (giriş dəvətnamə ilə)
Sərgi Qalereyası
Təşkilatçılar: Azerbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi
Ekspozisiya işləyir: saat 10:00-18:00 dək
2016-cı ilin oktyabr ayının 7-dən 13-ə kimi Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Fidan Əliyevanın “Günəşə doğru” adlı ilk fərdi sərgisi keçirilir.
Gənc yaşına baxmayaraq, Fidan Əliyeva çoxlarının illər ərzində nail olduqlarına artıq bu gənc yaşlarında malikdir. 40-dan çox əsərin müəllifi olan gənc rəssam təsviri sənət sahəsinin incəliklərini öyrənərək, öz üzərində durmadan çalışmaqdadır. Onun tablolarını digərlərindən fərqləndirən cəhət kompozisiya həllinin düşünülmüşlüyü və stilistik cəhətdən müxtəlifliyidir. O, rəng çalarlarını çox yüksək həssaslıqla hiss edərək, daha parlaq çalarlarla işləməyə üstünlük verir.
Yaradıcılıq yolunun ilk tabloları akademik üsluba daha yaxındırlar. Sonrakı mərhələnin yağlı boyaları daha azad tərzli, yüngül cizgiləri, polixrom və impressionistik üslubu ilə seçilir. İstifadə olunan rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulub. Rəssamın üzərində çalışdığı hər bir əsərinin onun avtoportreti olduğu fikrinə istinad edərək, Fidanın bütün tablolarının onun əhval və hisslər durumunun üzərində qurulduğunu duymaq olar.
Rəssamın müxtəlif üslublarda işləməsinə olan marağını nəzərə alaraq, onun hal-hazırda olan yaradıcılığını hər hansı konkret bir cərəyana aid etmək düzgün olmazdı. Daim axtarışda olaraq, gənc rəssam fərqli yaradıcılıq üslub və üsullarından istifadə edir. Lakin qeyd etmək lazımdır ki, Fidanın bugünki əsərlərinin təhlili onların birmənalı olaraq avanqard cərəyanın müxtəlif istiqamətlərini əks etdirdiyini bildirir. Onların sırasında həm impressionistik, ekspressionistik, həm də abstraktionizm cərəyanlarını əhatə edən əsərlər vardır.
Zaman keçdikcə rəssam özü istiqamətini taparaq müəyyən bir vektor ətrafında müəyyənləşəcək. Fidan yaradıcılıq yolunun başlanğıcında olduğunu anlayaraq, fərdi üslub axtarışlarındadır. Heç kimi təkrarlamamaq, öz fərdi dəsti-xəttini tapmaq və özünü bu yolun təmsilçisi kimi tanıtmaq istəyən Fidan Əliyeva durmadan yaradıcılıq üslubları və üsulları ilə eksperimentlər aparır. Bu o cümlədən, rəssamın seçdiyi janrlarda da öz əksini tapır.
Onun seçdiyi mövzular dairəsi genişdir – gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar, ətirli yay və payız mənzərələri ilə əvəzlənir. Onun insan bədəni ilə etdiyi fiqurativ kompozisiyaları yanaşma tərzi baxımından müxtəlifdir. Bu tablolara baxarkən, rəssamın hisslərini ifadə etmək üçün fərqli yollar axtarışında olduğunu qeyd etmək lazımdır.
Təbiyyətcə çox qapalı insan olan Fidan, öz dünyasının əksini kətan üzərində yağlı boya, akril və ya sadəcə kağız üzərində etdiyi eskiz səciyyəli təsvirlərdə tapır. Rəssam üçün yaradıcılıq daxili bir sükutdur, harda ki o, azadlığın havasını hiss edərək təxəyyülündə olanları canlandıra bilir.
Gənc rəssam Fidan Əliyeva 1996-ci ildə Bakı şəhərində anadan olub. O, hal-hazırda Azərbaycan Diplomatik Akademiyasının “İctimaiyyətlə Əlaqələr” fakultəsinin tələbəsidir.
Xüsusi rəssamlıq təhsili olmayan gənc rəssam ayrı – ayrı dövrlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm dərsləri, xalq rəssamı Sakit Məmmədovun emalatxanasında təcrübə, o cümlədən Londondakı Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində incəsənət dərsləri kursu keçmişdir.
Məktəb illərindən, o təşkil edilən çoxsaylı sərgilərin iştirakçısı olub. Onun ən böyük uğurları sırasında Türk Qafqaz Məktəbinin şagirdi olduğu zaman incəsənət müsabiqəsində “Ən yaxşı rəsm əsəri” nominasiyasında birinci yerə layiq görülməsi olub. Bu sərgi Fövqəlada Hallar Nazirliyi tərəfindən təşkil olunan iri miqyaslı sərgi idi, harda ki iştirakçı – rəssam təqdim etdiyi əsərini təbii fəlakətə həsr etməli idi. Bu müsabiqə üçün Fidan hər şeyi dağıdan tornadonu təsvir edərək, onun necə güclü və dağıdıcı qüvvəyə malik olduğunu çatdıraraq, müsabiqənin qalibi seçilmişdir.