2016–cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçildi

12.03.2016

12:00
Akt Zalı
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir. Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir.
Belə ki, sahənin mədəni–siyasi təminat mexanizmlərinin monitorinqi aparılmışdır. Monitorinqin nəticələri əsasında aparılan islahatların davamı olaraq, hazırda “Azərbaycan qeyri–maddi mədəni irs nümunələrinin Dövlət Reyestri”-nin hazırlanması, “Qeyri-maddi mədəni irs subyektlərinin (ifaçı, kollektiv, sənətkar və sair) Portfolio Bankı”-nın və “Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı”-nın yaradılması, “Şəhər (Rayon)” Mədəniyyət Mərkəzlərinin yaradılması” layihəsi, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür.
Göstərilənlərdən əlavə, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq yaradıcılığı Paytaxtları” Proqramı təstiq olunmuşdur. 2010-cu ildən tətbiq edilən bu Proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət almış və regionların sosial–mədəni həyatında müsbət dəyişikliklər baş vermişdir. Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə etmiş, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülmüşdür. Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən, “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunmuşdur.
Proqramla əlaqədar 2016 cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilmişdir.
Bu münasibətlə 11 mart 2016–cı il tarixində saat 12.00-da Bakı şəhərində yerləşən Muzey Mərkəzində 2016–cı il üçün “Azərbaycanın Folklor Paytaxtı”nın Təqdimat mərasimi keçirildi.
Məsələ ilə əlaqədar Qusar rayonunda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi–praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur, və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.


Təqdimat mərasiminin gündəliyi

1.Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin çıxışı

2.Azərbaycan qeyri-maddi mədəni irsinin qorunması sahəsindəki vəzifələr və 2016- cı il üçün “paytaxt” seçilmiş şəhərin elan edilməsi
Əbülfəs Qarayev
mədəniyyət və turizm naziri

3. “Xalq yaradıcılıq paytaxtları” Proqramının gedişatı və 2015 –ci ildə “paytaxt” seçilmiş şəhərlərdə həyata keçirilmiş işlərin hesabatı
Vüqar Məmmədov
Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri –maddi mədəni irs sektorunun aparıcı məsləhətçi

4. Rayon icra hakimiyyəti nümayəndəsinin çıxışı
- Qusar rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai , siyasi və humanitar məsələlər şöbəsinin müdiri:
Elman Mustafayev

5. 2016–cı il üçün Qusar şəhərinin “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kuboku və fəxri diplomun təqdim edilməsi