İrina Eldarova, Rəna Əmrahova , “KUKLA” Art Qalereyasının işlərindən ibarət sərgi və incəsənət ustalarının konserti “Gözəllik Nuru – 2015” layihəsində
06.03.2015 - 13.03.2015Sərginin təntənəli açılışı: 05 mart 18:00
Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Şurası və “KUKLA” Art Qalereyası
05 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art-qalereyası ilə birgə Muzey Mərkəzinin İncəsənət Qalereyasında “Gözəllik nuru” layihəsinin yeni mərhələsinin təqdimatı keçirilmişdir.
“Gözəllik nuru” art-layihəsi qadının incəsənətdə və həyatdakı roluna, layihənin hər bir iştirakçısının özünəməxsus təcəssüm etdiyi ideyaya həsr edilmişdir. Ənənəvi olaraq hər il layihənin növbəti mərhələsinin təqdimatı 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqələndirilir. “Gözəllik nuru”nun əsas konsepsiyası musiqi və teatr sənətinin təsviri sənətlə orqanik vəhdətidir. Bu il layihənin əsasına ölkəmizin iki görkəmli qadın rəssamı İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı qoyulmuşdur. Onların ikisi də öz yaradıcılığında qadın şəxsiyyətinin sirlərini hərtərəfli açır: Rəna Əmrahova bu baxımdan şəxsiyyətin mənəvi və emosional tərəflərini vurğulayırsa, İrina Eldarova isə intellektin dərinliklərini və dünyagörüşünün xüsusiyyətlərini tədqiq edir.
İrina Eldarovanın bu layihədə təqdim olunmuş əsərləri qadın obrazlarından daha çox qadının dünyaya olan baxışlarını ifadə edir. Rəng və xətlərin coşğulu oyunu gah səfər təəssüratlarını – məsələn, “Uçuş” (bu rəssamın işlərində səyahət, yol motivi tez-tez təkrar olunur), gah şəhər peyzajına baxarkən hiss çalarlarını (“Bakı” əsəri), gah da baharın gəlişindən sevinc əhval-ruhiyyəsini simvolizə edir.
Rəna Əmrahovanın əsərləri öz yumşaq koloriti ilə freskaları, dərin mənası və xətlərinin ritmikası ilə sonetləri xatırladır. Məsələn, onun “Yuva” və “Bəhrə verən” əsərləri qadının ailə ocağının qoruyucusu kimi rolunun metaforasıdır, “Oyun” əsəri isə qadının ən vacib həyatı vəzifəsinə - analığa həsr olunub.
Layihədə rəsm təbii şəkildə təsviri sənətin digər sahəsi olan kukla sənətkarlığını tamamlayır. Muzey Mərkəzinin Qalereya zallarında “Kukla” art-qalereyasının kolleksiyalarından olan eksponatları görmək mümkündür. Bu, dünyanın müxtəlif ölkələrinin rəssamları tərəfindən yaradılmış obrazlardır.
Azərbaycanı bu sərgidə Pərviz Hüseynov və İrina Qundorina cütlüyü, Tamilla Qurbanova və Fərəh Əliyeva kimi kukla sənətkarlarının işləri təmsil edir. Pərviz Hüseynov və İrina Qundorina cütlüyünün “Təfəkkür” kompozisiyası tamaşaçıya romantik, dalğın qadın və onun incə qəlbinin obrazını təqdim edir. Tamilla Qurbanovanın “Narın dadı” kompozisiyası əfsanəvi meyvənin obrazı ilə birləşən silsilə əsərlərinin davamıdır. Fərəh Əliyeva iki iş təqdim etmişdir: “DNT” və “İlham”. Bu əsərlərdə kukla sənətkarlığı interyer heykəltəraşlığı ilə yaxından əlaqəlidir. Latviyalı rəssam Yelena Mixaylovanın əsərləri – güclü, bəzən çox mürəkkəb xarakterlə ifadə olunan personifikasiyalı obrazlardır: “Kapuçino”, “Nurlu mələk”, “Qara mələk”, “Qızıl maska”... Moskvadan olan İrina Mesherekova isə nəcib uşaq obrazları yaratmışdır. Onun “Bej paltarlı İra” və “Çəhrayı paltarlı Mila” əsərləri düşüncəli və xəfif kədərlidir. Yerli tamaşaçı artıq İtaliyalı rəssam Eliza Qalleyin daim kürən kuklalarını çox sevir; bu dəfə Muzey Mərkəzinin Qalereya zallarında onun daha iki gözəlini – “Payıq qızı” və “Katrina”nı görmək mümkündür. Moskvalı kukla sənətkarı Anastasiya Yanovskayanın “Xırda milçək” kompozisiyasının qəhrəmanı – rokoko dövrünü təcəssüm etdirən krinolin geyimli qadındır. Kiyevdən olan Viktoriya Kukalonun “Sirri olan qadın” əsəri isə - zamandan kənar dayanan və romantik simvolika ilə dolu olan obrazdır. Əcnəbi ustaların işləri arasında elə kompozisiyalar da vardır ki, əksinə dövrümüzün xanım obrazlarını xatırladır. Bu, Qalina Dmitrukun (Belarus) müəllifi olduğu “Platina” əsərinin çirkin sarışın qəhrəmanı və Nel Qroteddenin (Niderland) müəllifi olduğu qotik üslubda yaradılmış “İtlə qız” əsərləridir.
“Gözəllik nuru” layihəsinin yeni mərhələsinin təqdimatında Elçin Şirinovun rəhbərliyi altında fəaliyyət göstərən caz qrupu: fortepianoda Vurğun Vəkilov, skripkada Ceyla Seyidova, eləcə də vokalist Mərziyə Hüseynova və aktyor Qurban Məsimovun iştirakı ilə konsert təşkil olunmuşdur. Konsertin proqramında Q. Qarayevin, F. Şopenin, A. Zeynallının, V. Mustafazadənin və digər məşhur bəstəkarların əsərləri yer almışdır. Bayramla əlaqədar olaraq, Pantomima və Kukla Teatrlarının kollektivləri də öz yaradıcı təbriklərini zərif cinsin nümayəndələrinə çatdırmışlar.