Emil Azizin “Yuxularım” adlı fərdi sərgisi
03.04.2015 - 05.04.2015Sərginin təntənəli açılışı: 03 aprel 19:00
Sərgi Qalereyası
Təşkilatçı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektoru
Aprelin 3-dən 5-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rəssam Emil Azizin “Yuxularım” adlı ikinci fərdi sərgisi keçiriləcək.
Sərgidə Türkiyədə yaradıcılıqla məşqul olan və Azərbaycan incəsənətini xaricdə layiqli təmsil edən, beynəlxalq sərgilərin iştirakçısı, UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü, Emil Azizin üç istiqamətdə 40-dan artıq yeni əsəri nümayiş olunacaq. Bununla yanaşı rəssamın şəxsi kolleksiyalardaki bəzi işləri də sərgilənəcək. Bu dəfə rəssam qadın, zaman və dəb mövzusuyla yanaşı peyzaj, eləcə də Bakının əks olunduğu kompozisiyaları təqdim edəcək. Qalereyada “Pink Piano” (“Çəhrayı piano”), “Blood Diamond” (“Qanlı almaz”), “Masks games” (“Maskaların oyunları”), “Secrets of Egypt” (“Misirin sirrləri”), “After Rain” (“Yağışdan sonra”), “Oil Fields” (“Neft yataqları”), “Taksim” (“Taksim”) kimi tablolar da sərgilənəcək.
“Yuxularım”la sənətsevərləri zəngin rəng dünyasına qonaq edəcək rəssam sözügedən sərgiyə səkkiz aydan artıqdır hazırlaşır. Emil Aziz əsərlərində qadın gözəlliyi, fantaziya, ironiya və realizmi birləşdirir. Yuxularının məhz rəngli olması da təsadüfi deyil.
“Yuxularım" vasitəsilə tamaşaçılarla bir növ dialoqa girməyi hədəfləyən rəssam, yaradılışın rəngləri və adi gözəlliyi əks etdirən işlərində hər kəsin özünəməxsus anı yaxud xatirəni görəcəyinə inanır. Rənglərdən cəsarətlə istifadə edən Emil, bu tərzdə işləyən sayılı azərbaycanlı rəssamlardandır.
Sərginin media dəstəyi Büro 24/7 Azerbaijan və Nargis Magazine jurnalına məxsusdur.Aprelin 3, 4-ü və 5-i keçiriləcək sərgiyə giriş sərbəst olacaq.
Rəssam haqqında:
Emil Aziz 1984-cü ildə Bakı şəhərində anadan olub. Türkiyənin nüfuzlu təhsil ocağı sayılan Boğaziçi Universitetinin riyaziyyat faklütəsini bitirib. Rəssamlığa uşaq yaşlarından maraq göstərən Emil bu sənətin sirrlərini atası Əməkdar İncəsənət Xadimi Rafiq Əzizovdan eləcə də Əməkdar Rəssam Sakit Məmmədovdan öyrənib. 1995-ci ildən İstanbula köçən rəssam Türkiyənin əksər sərgi salonlarında təşkil olunan bir çox sərgilərdə iştirak edib. 2011-ci ildə UPSD - UNESCO İncəsənət Assosiasiyasının üzvü seçilib. 2012-ci ildə Beşiktaş Dəniz Müzeyində "Artİstanbul", 2014-cü ildə isə Bakıda Gallery 1969-da (Səttar Bəhlulzadə adına Sərgi Salonu) “Səmanın rəngləri” fərdi sərgiləri keçirilib. 2014-cü ildə “Qız Qalası" Beşinci Beynəlxalq incəsənət festivalında, həmçinin Portuqaliyanın Lissabon şəhərində keçirilən “VERA Fine Art” Festivalında iştirak edib. Hazırda Fransanın paytaxtı Paris şəhərindəki Louvre muzeyinin Carrousel qalereyasında təşkil olunacaq sərgiyə hazırlaşır.