Aydın Rəcəbovun 70 illik yubileyinə həsr olunmuş fərdi sərgi
03.06.2014 - 07.06.2014 Tədbirin keçirilmə tarixi: 3-7 iyun 2014-cü il
Tədbirin təntənəli açılışı: 3 iyun saat 17:00
Tədbirin keçirildiyi məkan: Muzey Mərkəzinin Sərgi Qalereyası
Təşkilatçılar: Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektoru
Aydın Məhəmməd-Ağa oğlu Rəcəbov 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdir.Həmin ildən respublika və beynəlxalq sərgilərinin iştirakçısıdır. 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvüdür. 2005-ci ildə fərdi sərgiləri Bakıda və Stokholmda keçirilmişdir. 2007-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi "Soltan Məhəmməd" mükafatına layiq görülmüşdür. 2012-ci ildən Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəridir. Əsərləri Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Almaniya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.
Aydın Rəcəbov Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsi hesab olunur. Lakin bununla yanaşı öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış xalçaçı rəssamın yaradıcılığı ənənələrə bağlılığı və müasirliyin sintezinə əsaslanır. Müxtəlif mövzulara müraciət etməsindən asılı olmayaraq, onun naxış yaradıcılığında əsas meyar qədim Türk-Oğuz damğalarının seçilməsi üstünlük təşkil edir. Xalçanın estetik gözəlliyi ilə bərabər qədim xalq yaddaşından süzülüb gələn elementlərdən yaradıcılıqla faydalanmaq, əsərlərin fəlsəfi məna və bədii təsir vasitələrini genişləndirmək Aydın Rəcəbovun yaradıcılığında nəzərə çarpan əsas məqamlardandır. Quruluşuna görə klassik "Ağaclı" kompozisiyası, məhz Azərbaycana, Abşerona aid motivlərin seçilməsi, ara sahələrdəki qədim türk xalçalarından qaynaqlanan damğalar onun "Əncir ağacı" xalçasının əsas motivini təşkil edir. Aydın Rəcəbov öz xalça və naxış yaradıcılığında poeziyaya, orta əsr miniatür sənətimizin ənənələri və kompozisiya quruluşuna müraciət edir. Bu qəbildən olan "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", Ud ifaçısı", "Çovqan oyunu", "Şahın elçiliyi" və s. əsərləri onun süjetli xalçalarının əsas mövzu rəngarəngliyini təşkil edir. Rəssamın xalçaları istər toxunuşuna, istifadə olunan materiallarına görə də daim keyfiyyəti ilə seçilir. Ölçüyə uyğun sıxlıq, zərif ilmə üsulu, ürəkaçan, şux, əlvan rənglərin dəqiqliklə seçilmiş harmonik düzülüşü onun əsərlərinin musiqiliyini, poetik başlanğıcını və nəqlediciliyini təmin edir. Aydın Rəcəbovun əsərlərinə tamaşa edərkən bir daha düşünürsən ki, rəssam ta qədimlərə, "Pazırık" kurqanının dərin qatlarına gedib çıxan milli xalça sənətimizin bütün incəliklərini bilir və onu zəmanəmizə daşıyır, gələcəyə ötürür.