“Neo Minyətür” Əməkdar rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi
19.02.2014 - 23.02.2014Tədbirin keçirilmə tarixi: 18-22 fevral 2014- cü il
Tədbirin təntənəli açılışı: 18 fevral saat 18:00
Tədbirin keçirildiyi məkan: Muzey Mərkəzinin Sərgi Qalereyası
18-22 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində "Neo-miniyətür" Əməkdar Rəssam Elçin Aslanovun 80 illik yubiley sərgisi keçiriləcəkdir.
E.Aslanov 1934-cü ildə Bakıda anadan olmuşdur. 1960-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirmişdir. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. 1964-cü ildən Akademik Dram Teatrında bir çox tamaşaların quruluşçu rəssamı, 1968-69-cu illərdə kinostudiyada "Cırtdan" cizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə isə "Nəsimi" bədii filminin ərsəyə gətirilməsində geyimlər üzrə quruluşçu rəssam kimi çalışmışdır. Təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür rəssamlığı sahələrində çalışmışdır. O, həm də kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir. E.Aslanov 1982-87-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının "Miniatür və kitab qrafikası" bölməsinə rəhbərlik etmişdir. Uzun müddət miniatür sənətinin təbliği ilə məşğul olmuşdur. 2002-ci ildə Əməkdar Rəssam fəxri adına layiq görülmüşdür. Hal-hazırda kompyuter qrafikası sahəsində çalışır.