“Fusion Doll” II Bakı Beynəlxalq Kukla Biennalesi

06.11.2013 - 11.11.2013

Sərgi Qalereyası
Təntənəli açılış: 5 noyabr 17:00
Təşkilatçı: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 

2013-cü il noyabr ayının 5-dən 10-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında və Kukla Qalereyasında “Fusion Doll” II Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaqdır. Biennalenin rəsmi açılış mərasiminə giriş yalnız dəvətnamə ilə, qalan günlərdə isə sərbəst olacaqdır.
“Fusion doll” II Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi –dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.
Biennalenin “Fusion” adlandırılmasının bir neçə mənası var. Bu, həm qədim, həm də müasir musiqi alətlərindən istifadə etməklə şərq və qərb musiqisinin sintezini nəzərdə tutan caz terminidir. Digər mənası, memarlıqda eklektikaya dair istifadə olunur. Beləliklə, özündə dayanıqlı caz ənənələrini və Bakı memarlığının eklektikasını ehtiva edən “Fusion” terminindən klassik, interyer, faşn, konseptual, art obyekt qismində kukla, replikant və kukla sənətinin müxtəlif növlərinin nümayiş etdirilməsi üçün daha uyğunu yoxdur. Çünki o, adı çəkilənlərin hamısını bir kukla axını yaradaraq vahid vizual ansambl şəklində birləşdirir.
“Fusion Doll” Bakı Beynəlxalq Müəllif Kuklaları Biennalesi birinci dəfə 2011-ci il noyabr ayının 4-dən 10-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir. Bununla da dünyada ilk dəfə olaraq Müəllif Kuklaları Biennalesinin əsası qoyulmuşdur. Tədbir ölkəmizin müəllif kuklaları ustaları arasında beynəlxalq səviyyədə tanıdılmasına, incəsənətin xüsusi qolu olan müəllif kuklaları sənətimizin təbliğinə xidmət etmişdir. Azərbaycanda bu sənət növünə maraq getdikcə artmaqdadır. Elmira Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina, Tamilla Qurbanova müəllif kuklaları sənətinin inkişafı istiqamətində xeyli işlər görmüşlər.
Bu sahənin inkişafında ictimaiyyət arasında populyarlaşmasında Bakıda cari ilin aprel ayında açılış mərasimi keçirilmiş, Cənubi Qafqazda ilk kukla qalereyası olan “Kukla” Qalereyasının yaradılmasını və rolunu xüsusi qeyd etmək lazımdır. Bakıda belə bir qalereyanın açılışı beynəlxalq səviyyədə tanınan müəllif kuklaları ustalarının, qalereyaçı və kolleksiyaçıların diqqətini çəkmiş və geniş marağa səbəb olmuşdur. Bu hadisə ölkəmizdə müəllif kuklaları sənətinin inkişafına əsaslı təkan verən hadisələrdən olmuşdur.
Müəllif kuklaları sənəti təsviri və dekorativ-tətbiqi sənət növləri arasında dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü göstərmişdir. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış, o bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiq yer tutmuşdur. Son otuz ildə Rusiya, ABŞ, Almaniya, İtaliya, Litva, Niderland, Fransa, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə mütəmadi olaraq müəllif kuklaları sərgiləri təşkil olunur. Dünyada müəllif kuklaları ustalarının beynəlxalq birlikləri və ya yaradıcılıq ittifaqları, o cümlədən mətbu orqanları, internet səhifələri mövcuddur. Avropada DABİDA (Belçika, Niderland Kukla Rəssamları İnstitutu) və Amerikada NİADA (Amerika Kukla Rəssamları Milli İnstitutu) ən böyük və nüfuzlu təşkilatlar olaraq müəllif kuklaları sənətinin təbliğinə çalışırlar.
“Fusion Doll” II Bakı beynəlxalq Kukla Biennalesində 13 ölkən- Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxstan və İsraildən olan kukla ustaları iştirak edəcək.

Azərbaycanı təmsil edənlər:
– «KUKLA» Art Qalereyası, Qalereyanın rəhbəri Lala Kazımova, qalereyanın müdiri Liana Vəzirova, Elmira Abbaslı, Pərviz Hüseynov və İrina Qundorina, Tamilla Qurbanova
– “DA ART” studiyasının tələbələri – Fərəh Əliyeva və Nübar Şahbazova
– Elmira Abbaslı – Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycanda peşəkar müəllif kukla sənətinin banisi, 1989-cu ildə Krakovada keçirilmiş Beynəlxalq folklor kuklaları Festivalının bürünc, bir çox beynəlxalq sərgi və müsabiqələrin mükafatçısıdır. Əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrin şəxsi kolleksiyalarında nümayiş etdirilir.
– Tamilla Qurbanova – Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Gömrük işinin 200 illiyinə həsr olunmuş beynəlxalq sərginin (Brüssel), “Fusion Doll” I Bakı Beynəlxalq Kukla Biennalesinin, “Azərbaycan dekorativ-tətbiqi sənəti” sərgisinin, I və II Dekorativ-tətbiqi sənət festivallarının (2009, 2012) iştirakçısıdır.
– Pərviz Hüseynov&İrina Qundorina – Azərbaycan Rəssamlar İttifaqının üzvüdürlər. Müasir Azərbaycan İncəsənətində kuklanı art obyekt kimi təqdim edən konseptual kukla sənətinin baniləri. “Səyahət 2” (“Kukla zamanı 3”) “Kukla ustası” jurnalının birinci mükafatına layiq görülmüşdür. “Vaxtanov Qalereyası”nın xüsusi mükafatları ilə mükafatlandırılmışlar.

Rusiyanı təmsil edənlər:
– İrina Deyneko – Sankt Peterburq, RRYİ-nın (Rusiya Rəssamlarının Yaradıcı İttifaqı) üzvü, Sankt Peterburqda Müəllif Kuklası Məktəbinin müəllimi.
– Gulya Alekseyeva – Sankt Peterburq, “Dollart.ru” (2011) müsabiqəsinin qalibi, “Brilyant alma”. RRYİ tərəfindən rus mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə bürünc və gümüş medallarla təltif olunmuşdur.
– Svetlana Pçelnikova – Moskva, BKMB (Beynəlxalq Kukla Müəllifləri Birliyi), (“Kukla dünyası” jurnalı və kukla sənəti barədə silsilə kitab) naşir, hər il Moskvanın Tişinka Ticarət-Sərgi Kompleksində keçirilən Müəllif kuklaları Salonunun təşkilatçısı.
– Denis Xlıbov – Moskva, kolleksiyaçı, rejissor, “TALANT” (“İSTEDAD”) jurnalının naşiri, “Kuklalar məkanı” qalereyasında “KOTOLETO” və “Nağılvari Yaponiya” layihələrinin kuratoru.

Ukraynanı təmsil edənlər:
– Oksana Voropay – Kiyev, Ukrayna Əl Yaradıcılıq Ustaları Assosiasiyasının prezidenti.
– Valentina Yakovleva – Xarkov, “Heykəltəraşlıq” nominasiyasında “DEL ARTE” Beynəlxalq Müsabiqənin nominantı, “Dəbli kukla” sərgisində “Heykəltəraşlıq kuklası” nominasiyasında müsabiqə qalibi (Kiyev).

İtaliyanı təmsil edənlər:
– Laura Scattolini – Mantova şəhəri, «DOLLS MAGAZINE» jurnalından “DOOLS AWARD” Mükafatının laureatı, Walt Disney-dən COLLECTOR'S CHOICE AWARDS (Kolleksiyaçıların seçimi) mükafatına layiq görülüb.
– Eliza Gallea – Palermo şəhəri, “Kukla kamilliyi” nominasiyasında mükafat (ABŞ 2007), “COLLIII” nominasiyasında mükafat (Almaniya 2010).
– Katerina Veştak - Navarra şəhəri, Mükafatları 2006 Milli Qrafika Trennalesi, Üçüncü Mükafat – Kiyev (Ukrayna 2004), “ŞRİFT” Ümumukrayna sərgisi (Gümüş diplom) Mərkəzi Rəssam Evi (Kiyev Ukrayna), 2003 Zaretski adına müsabiqə, Üçüncü mükafat (Kiyev, Ukrayna).

Latviyanı təmsil edənlər:
– Yelena Mixaylova – Preyli şəhəri, “Baltika kuklaçı-rəssamlar gildiyası”nın üzvü, “Bizim uşaqlıq nağılımız” və “Kukla – antistrerss” (2009) nominasiyalarında mükafatlandırılıb.

Gürcüstanı təmsil edənlər:
– Nana Okruaşvili – Tbilisi, Tinatin Tumanişvili adına Tbilisi Kukla Muzeyinin direktoru.

Belarusu təmsil edənlər:
– Qalina Dmitruk – Minsk, fərdi sərgilər müəllifi: “PANNA DOLL/Mən” Maksim Boqdanoviç adına Ədəbiyyat Muzeyi (Minsk, 2009), “LUX INTERIOR” (Müasir təsviri sənət muzeyi, Minsk, “U Maystra” Qalereyası).

Belçikanı təmsil edənlər:
– Kristin Polis – animator rəssam, Belçika televiziyası qısametrajlı film proqramları üçün kuklaların yaradıcısı.

Çexiyanı təmsil edənlər:
– Yelena İlyina – Praqa, BZDA (Beynəlxalq Zərgər Dizaynerlər Assosiasiyasının) üzvü, “DOLL PRAGUE” I Beynəlxalq kukla sərgisinin Art direktoru.

Estoniyanı təmsil edənlər:
–Tarvi Pink – Tallin, Eston Kukla Evinin direktoru.

Almaniyanı təmsil edənlər:
– Siu Ling Cornelia Wang – səhnə rəssamı işləmişdir. Alman kino və televiziyası üçün kostyumların yaradıcısı. Kukla sənəti ilə 27 ildir ki məşğul olur.

Qazaxstanı təmsil edənlər:
– Natalıya Lepixina – Alma-Ata. “Oğlan kukla” və “Mücəssəmə” nominasiyalarında Sankt Peterburqda “Kukla zamanı” sərgisi çərçivəsində keçən “İlin kuklası 2011” , “STOP-STANDART” nominasiyasında “İlin kuklası 2012” müsabiqələrnin qalibi.

İsraili təmsil edənlər:
– Yelena Kunina - Xolon şəhəri. Polimer gildən düzəlmiş ən yaxşı Avropa kuklası «EBERHARD FABER» uğrunda və (Moskvadakı Birinci Beynəlxalq kukla salonunun) “Ən yaxşı tematik kolleksiya”sının Qızıl Kubokunun ikiqat mükafatçısı.

II Bakı Beynəlxalq Kukla Biennalesinin təşkilatçıları::
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” Art Qalereyası, Muzey Mərkəzi.