"Azərbaycanfilm" kinostudiyasının 90-illiyinə həsr olunmuş foto sərgi. Fotoqraf, Azərbaycan mədəniyyət xadimi Pərviz Quliyevin kolleksiyasından fotoşəkillər

26.07.2013

Sərgi qalereyası
Vaxt: 17:00
Təşkilatçılar: Azərbaycan Dövlət Film Fondu, Kinematoqrafçılar İttifaqı

Muzey Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinə həsr olunan fotosərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə təşkilatçılığı ilə keçirilən ekspozisiyada fotoqraf-rəssam, əməkdar mədəniyyət işçisi Pərviz Quliyevin arxivindən Azərbaycan milli kino tarixini əks etdirən 50-dən çox foto nümayiş olunub.
Mərasimi ARKİ-nın icraçı katibi Cəmil Quliyev açaraq sərginin əlamətdar bir vaxta – 2 avqust - Azərbaycan Kinosu Günü ərəfəsinə təsadüf etdiyini vurğulayıb. Bu il Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinin tamam olduğunu diqqətə çatdıran Cəmil Quliyev yubileyin sentyabrın 26-da təntənə ilə qeyd ediləcəyini bildirib.
Əlavə edib ki, Azərbaycan kino salnaməsinin foto yaddaşının toplanmasında, qorunub saxlanmasında fotoqraf-rəssam Pərviz Quliyevin çox böyük zəhməti olub.
Tədbirdə çıxış edənlər “Azərbaycanfilm” kinostudiyasının tarixinə nəzər salıblar. Qeyd olunub ki, XIX əsrin sonunda Fransada yaranan dünya kinosu 1898-ci ildə Azərbaycana da gəlib. Bakılı fotoqraf A.Mişon şəhər mövzularında bir neçə kino süjeti çəkib və həmin il avqustun 2-də onları tamaşaçılara nümayiş etdirib. Bu tarix Azərbaycanda kinonun yaranma günü sayılır.