«EKO ART» Müasir təsviri incəsənət sərgisi
19.04.2013 - 21.04.2013Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 19 aprel 2013, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi
Muzey Mərkəzinin Rəsm Galereyası Bakı Yaradıcılıq Mərkəzi ilə birgə 2013-cü il 19-21 aprel tarixləri arasında “Baku Galleries Festival 2013” incəsənət galereyalarının festivalı çərçivəsində keçirilən Ətraf Mühitin Ekoloji Təhlükədən Müdafiəsi Gününə həsr olunmuş “EKO ART” adlı yeni sərgi ilə öz tamaşaçılarını sevindirəcəkdir.
Sərginin məqsədi yaradıcı şəxsiyyətlərin ümumi məkanda birləşməsindən, festivalın köməyi ilə adi insanlarda incəsənətə maraq oyatmaqdan və nəhayət, yaradıcılığı qiymətlədirənlər üşün daimi olaraq incəsənət bayramının keçirilməsindən ibarətdir.
Muzey Mərkəzinin qalereyasının bu layihə üçün məhz ekologiya mövzusunu hazırlaması heç də təsadüfi deyil. Çünki ekologiya istisnasız olaraq, hər bir insanın maraqlarına toxunan bir mövzudur.
Sərginin mövzusu çoxlu sayda rəssamların marağına səbəb oldu və onları ekologiya mövzusunda yeni əsərlər yaratmağa ilhamlandırdı. Bir çox rəssamlar məhz bu sərgi üçün yeni əsərlər yaradıblar.
Sərgiyə - Sabir Çopuroğlunun “Qarabağ” silsiləsindən, İlham Mirzəyevin “Molekulalar”, Vüqar Əlinin “Təbiətin arzusu”, İsa Məmmədovun “Bakı bağları”, Etibar Məmiyevin “Tənha ev”, Sənan Səmədovun “Qara Günəş”, Natiq Fərəcullazadənin “Unudulmuş ev”, Fərhad Fərzəliyevin”Alovlu ölüm”, Olqa Elin “Oğul”, Elşən Sərxanoğlunun “Körpülər”, Səlim İsmayılovun “Tuatara”, Əmrulla İsrafilovun “Panorama” və başqalarının rəsm əsərləri; Mehriban Əfəndinin “Qaranlıqda işıq” qrafikası; Faiq Hacıyevin “Küləyi gözləyən”, Vadim Knyazixinin “Körfəz üzərindən uçuş” kimi heykəlləri; Fərid Hayrulinin “Abşeronun ekologiyası” silsiləsindən, Ruslan Məmmədovun “Azərbaycan planeti”, Lalə Lambert- Ağayevanın və Qreq Skexanın foto-kompozisiyaları; Tatyana Ağababayevanın “Gəlmə-getmə” batikası; Eldar İbadullayevin “Balıqlar” installyasiyası və eləcə də məhz bu layihə üçün hazırlanmış, şəhərimizin qonağı, Peterburqdan gəlmiş tanınmış rus teatr rəssamı, art-mexanizm üzrə mütəxəssis Viktor Qriqoryevin ”Balıq-Quş” adlı iri həcmli art-obyekti daxil edilib.