İbrahim Əhrarinin fərdi sərgisi
02.04.2013 - 06.04.2013Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 2 aprel 2013, saat 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Almaniyada yaşayan azərbaycanlı rəssamı Ebrahim Ehrarinin yubiley sərgisi.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü il aprel ayının 2-dən 8-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında (Ünvan: Neftçilər pr.,123A) Almaniyada yaşayan azərbaycanlı rəssam, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ebrahim Ehrarinin 75 illik yubiley sərgisi təşkil olunacaqdır.
Sərginin açılış mərasimi 2013-cü il aprel ayının 2-də saat 18:00-da keçiriləcəkdir.
Ebrahim Ehrari 1938-ci ildə cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdur. 1966-cı ildə Avropaya səfər edən Ebrahim Ehrari Berlin İncəsənət İnstitutunun İnformasiya qrafikası və dizayn fakültəsində professorlar Volfqanq Lüdviq və Hans Forçun sinfində təhsil almışdır.
Almaniya paytaxtının Şteqlits-Selendorf inzibati dairəsində 1892-ci ildə yaradılmış məşhur Qotfrid-Benn kitabxanasının həyətində, 2011-ci il may ayının 30-da ucaldılmış "Xocalı" abidəsinin təşəbbüskarı və müəlliflərindən biridir. 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə" Mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Ebrahim Ehrariyə Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir (2011-ci il).
Sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri təqdim olunacaqdır.