Təsviri incəsənət sərgisi “Venesiya Maskaların Sirləri”

20.12.2012 - 31.12.2012

Sərgi Qalereyası
Tədbirin təntənəli açılışı: 19 dekabr 2012, 18:00
Təşkilatçı: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi

19 dekabr 2012-ci ildə Muzey Mərkəzi öz növbəti layihəsi – bir sıra maraqlı hekayə və sirlərlə dolu Venesiyanın tarixinə, Venesiya karnavalına və onun əsas atributu olan Maskaya həsr edilmiş “Venesiya Maskalarının Sirləri” sərgisi ilə tamaşaçıları sevindirəcək...
Venesiya karnavalı nəinki İtaliyada, həm də bütün dünyada ən yaddaqalan və maraqlı hadisələrdən biridir. Bu karnavalın ənənələrini davam etdirməklə sərgi incəsənət həvəskarları üçün əsl yeni il hədiyyəsi olacaq.
Öz təkrarolunmaz koloriti ilə Venesiya həmişə rəssamlara ilham vermiş və onların hamısı gözəlliyi ilə qeyri-adi olan bu şəhərin bir çox hissələrini öz rəsmlərində əks etdirməyə çalışmışlar. Sərginin mövzusu rəssamlar arasında böyük marağa səbəb oldu və onlara bu mövzuda yeni əsərlər yaratmaq üçün ilham verdi. Xüsusi olaraq bu sərgi üçün rəssamlar Venesiyaya həsr olunmuş yeni əsərlər yaratdılar.
Siruz Mirzəzadənin “Unudulmuş yuxu”, Namiq Məmmədovun “Öpüş”, İsmayıl Məmmədovun “Venesiya maskalarının sirri”, Rəşad Mehdiyevin “Kiçik dar su küçəsi”, Eldar Qurbanovun “Maskalar” əsərləri, heykəltaraşlardan Kamal Vəliyevin “Venesiya maskası”, Məmməd Rəşidovun “Kavaler”, Faiq Hacıyevin “Düşüncələr”, Tatyana Ağababayevanın “Venesiya. Su üzərində qabarcıqlar”, “Trandt kanalı” batikləri, Tamella Qurbanovanın “Büllur zəng”, “Naməlum qız”, “Bütün dünya teatrdır”, Pərviz Hüseynovun və İrina Qundorinanın “Serso”, Anarə Salmanovanın “Maska” gəlincikləri və s.
Ekspozisiyaya Sara Manafovanın “Maskarad” retrospektiv əsəri və Marqarita Kərimova-Sokolovanın “Venesiyanın mirvarisi”, “Qəm və zəriflik”, “Ehtiras”, “Narıncı tağlar” akvarelləri və s. də daxildir.
Vernisajda Venesiya maskaları da xüsusi bir yer tutacaq. Köhnə ənənələrə uyğun olaraq Venesiya maskaları əl ilə hazırlanır və incəsənətin bir növü hesab edilir. Saatlarla bu qeyri-adi əsərlərə baxsanız da onların arasında eyni olan heç bir şey tapmaq mümkün olmayacaq. Bu, rəsm, zinət əşyaları və heykəltaraşlıq üslubunun bir vəhdətidir. Çoxları bu gözəl şəhərə səfər edəndə bu möhtəşəm sənət əsərlərini əldə etmək istəyirlər, amma onların daşınması çətin olduğu üçün adətən öz arzularından əl çəkməli olurlar. “VİVA BELLA” şirkəti bu çətin vəzifəni öz üzərinə götürüb və Muzey Mərkəzinin bu yeni layihəsində sərgi çərçivəsində iştirak edəcək. Onlar bu bahalı incəsənət əsərlərinin böyük bir kolleksiyasını Venesiyadan gətiriblər. Venesiya maskaları nəinki yeni il üçün gözəl bir hədiyyə, həm də ev və ofis interyeri üçün bayram və xoşməramlılıq əhval-ruhiyyəsi yaradan qeyri-adi bir bəzəkdirlər. Həmçinin bu şirkətin köməkliyi ilə sərgidə məşhur murano şüşəsindən hazırlanan əsərlər də təqdim olunacaq.
Sərgidə həm də Venesiya, Venesiya maskaları və karnavalının tarixi haqqında filmlər nümayiş olunacaq. Sevilən uşaq teatrı “Günay” isə “Romeo və Culyetta” tamaşasından “Mareska” rəqsi ilə çıxış edəcək. Məşhur modelyer Nadiya Taziyeva Venesiya maskaları ilə bəzənən yeni kostyum kolleksiyası ilə hamını sevindirəcək.
Sərgi yeni il bayramına da bir hədiyyədir.
19 dekabrda sərgiyə giriş dəvətnamələrə əsasən həyata keçiriləcək. Dekabrın 20-dən 25-dək isə istənilən şəxs saat 10-dan 18-ə qədər sərgiyə gələ bilər.

İdeyanın müəllifi və kurator: Muzey Mərkəzinin direktoru Liana Vəzirova
Quruluşcu rəssam – Vüqar Əli