Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş Azərbaycan rəssamlarının «Sport-Art» adlı sərgisi
09.10.2012 - 15.10.2012Tədbirin təntənəli açılışı: 9 oktyabr 2012, 18:00
Keçirilmə yeri: Muzey Mərkəzinin İncəsənət Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi
Rəssam-tərtibatçı: Vüqar Əli
Azərbaycanda İdman İlinin elan edilməsi və Milli Olimpiya Komitəsinin 20 illik yubileyi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzi Azərbaycan rəssamlarının işlərindən ibarət «Sport-Art» adlı sərgi keçirəcəkdir. Layihənin konsepsiyası idman və incəsənətin vizual sintezinə nail olmaqdır. İdman, bilindiyi kimi, fiziki imkanların ustalığı hesab olunur. Ta qədim vaxtlardan idman yarışlarının fraqmentləri freskalarda, keramika və çini əşyaların üzərində və heykaltaraşlıq kompozisiyalarında həkk olunmuşdur. Layihənin əsas məqsədi müasir həyatımızda idmanın çoxtərəfli əhəmiyyətini bir daha nəzərə çatdırmaqdır. Əfsuslar olsun ki, hal-hazırda təsviri incəsənət ustaları öz işlərində idman mövzusuna çox nadir hallarda müraciət edirlər, halbuki, keçmişdə idman yaradıcı axtarışların zirvəsində olan mövzulardan idi. Bu mövzuda işləyən müxtəlif nəsilləri göstərmək üçün, yaradıcı gənclərlə yanaşı, sərgidə ötən əsrin görkəmli rəsm ustalarının və heykəltaraşların işləri nümayiş olunacaqdır. Bütün işlər Mədəniyyət və Turizm Nazirliyinin rəsm qalereyası tərəfindən təqdim olunacaq. Onların arasında A. Qazıyevin “Arzu” heykəltaraşlıq əsəri və A. Hacıyevin “Axtarış”, T. Ağababayevanın “Tennis toplu qız”, S. Mirzəzadənin “Rəngli yelkənlər” və “İdmançılar”, X. Səfərovun “Yol kənarında”, A. İbrahimovun “Zirvə”, N. Qasımovun “Günbəz altında”, A. Babayevin “Məşq”, V. Nərimanbəyovun “Gənclik”, F. Xəlilovun “Akrobatlar”, T. Tağıyevin “Voleybol üzrə Olimpiya çempionu İnna Rıskal”, E. Əsgərovun “İdman”, E. Hüseynovun “Su polosu”, E. Rzaquliyevin “Güləşdən öncə” və A. Sadıqzadənin “Startdan öncə” işləri daxil olmaqla 15 rəsm əsəri var.
Buna baxmayaraq, nümayiş etdirilən ümumi işlərin arasında retrospektiv işlərin sayı o qədər də böyük olmayacaq. Belə ki, layihənin başlıca vəzifəsi müasir müəlliflərin diqqətini bu mövzuya cəlb etməkdir. Ekspozisiyada həm yerli, həm də xarici tamaşaçıya çox yaxşı bəlli olan müasirlərimizin maraqlı işləri yer almışdır. Məsələn, Niyaz Nəcəfovun “Kamera volleybolu”, “Gimnastika” və “Qapıçı” işləri çox sərt dinamik üslubda işlənilmişdir. Rəssam Emin Əsgərov xüsusi diqqətə layiqdir. Onun “Əyləncə”, “Yarış”, “İdmançı I”, “İdmançı II”, “Qorxu” kimi işləri idman dünyasını qələbəyə aparan açarın axtarışında olan müəmmalı bir obraz kimi təsvir edir. Fərhad Yalquzaqın işlərini də xüsusi qeyd etmək lazımdır. Müəllifin bütün diqqəti bilyard kimi intellektual idman növündə cəmləşmişdir. Bunu, onun “Lampa işığı altında oyun”, “Axırıncı qırmızı şar” və “Bilyard üzrə usta” kimi işlərində bariz görmək olar. İlahə Zeynalovanın “Görünməz iplər”, Fəxri Abbasovun “Şahmat” və Maarif Babayevin “Şahmat dünyası” işlərində isə şahmat dünyası hökmranlıq edir.
İrina Eldarova öz “Qaydasız döyüş” seriyasından olan “O məni sevir”, “Yer tutulmuşdur” və “Dostluq bağları” kimi işlərində kişi-qadın əlaqələrini idman prizmasından çox maraqlı tərzdə göstərmişdir. Arzu Rzayev sərgi üçün bir sıra güləşçilərin portretlərini hazırlamışdır: “UFG döyüşçüsü”, “Naməlum Əli”, “Cüdoçu”. Tatyana Ağababayevanın panno-batik üslubunda işlənmiş “Triumf” əsəri də diqqətə layiqdir. Kamal Vəliyevin “Atıcı”, “Zirvə”, “Bilyard”, “Tennis”, “Golf” heykəltaraşlıq kompozisiyaları da çox maraqlı şəkildə təqdim edilmişdir. Onlar öz yaradıcı həllinə görə mükafat kuboklarını xatırladır və kifayət qədər təsirli görünürlər. Sahib Quliyevin “Qızıl zirvə”, “Güləş”, Faiq Hacıyevin “Səy” və “Döngədə” işləri öz mücərrəd süjet həlliylə digərlərindən fərqlənir. Bu ekspozisiyanın əsas məqsədlərindən biri keçmiş və indiki yüzilliklərdə yaşayan rəssamların yaradıcı dünyagörüşünü nümayiş etdirməkdir.