Azərbaycan Respublikasının xalq artisti Hacıbaba Bağırovun 80 illiyinə həsr olunmuş xatirə gecəsi

21.09.2012

Akt zalı
Vaxt : 17.00
Təşkilatçı : Azərbaycan Respublikası Dövlət Film Fondu

21 sentyabr 2012-ci ildə Muzey Mərkəzinin Akt zalında Dövlət Film Fondunun təşkilatçılığı ilə xalq artisti, görkəmli sənətkar, teatr və kino xadimi Hacıbaba Bağırovun xatirə gecəsi təşkil olundu. Ömrünün yarısından çoxunu sənətə, Azərbaycan mədəniyyətinin inkişafına həsr edən ölməz sənətkar ilk dəfə aktyorluğa Lənkəran Dövlət Dram Teatrında başlamışdı. Sonralar Gəncə Dövlət Dram Teatrında işləmişdir. 1962-ci ildən ömrünün sonuna kimi Musiqili Komediya Teatrının aktyoru, sonralar həm bədii rəhbəri, həm də direktoru olmuşdur.
H.Bağırov Azərbaycan kinosunda da bir sıra yaddaqalan rollar ifa etmişdir. O, ilk dəfə 1964-cü ildə rejissor A.Quliyevin «Ulduz» musiqili kino-komediyasında çəkilmiş, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaratmışdır. Aktyor müsahibələrinin birində bu rolu barədə belə demişdir: «Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənimçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı filmə çəkəcəklər, çox həyəcanlandım. Əvvəla mən filmə heç çəkilməmişdim. Olsaydı ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı uçacaqdım. İlk dəfə idi ki, öz oyunuma özüm oturub kənardan baxa bilirdim».
H. Bağırovun kinoda ikinci işi rejissor M.Dadaşovun «Qanun naminə» bədii filmində (1968) oldu. Onun qəhrəmanı Arif bu filmdə əvvəlcə Kamilovun əlaltısı, filmin ikinci yarısından sonra dostun-düşmənin kim olduğunu başa düşüb prokurorla birgə rayonda qayda-qanun yaratmağa başlayan milis işçisi olur.
Rejissor A.Babayevin 1975-ci ildə quruluş verdiyi «Alma almaya bənzər» kinokomediyasında biz H.Bağırovu bazar müdiri Məmmədəli rolunda görürük.
Bundan sonra görkəmli aktyor rejissor N.Abbasın «Bir az da bahar bayramı» televiziya (1979, satıcı), rejissor Z.Abbasovun «Onun bəlalı sevgisi» bədii (1980, Qaraxalov) filmlərində çəkilmişdir.
1991-ci ildə rejissor C.Quliyevin yaratdığı «Şirbalanın məhəbbəti» musiqili, rəngli kinokomediyasında H.Bağırov özünün kinoda son rolunu oynadı. Onun ifa etdiyi Şirbala cibi dolu, mənəviyyatı boş ticarət işçisidir. Beş uşaq atasının yaşlı vaxtında cavan qıza eşq elan etməsi filmin əsas sujet xəttini təşkil edir.
1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə "Azərbaycanın Xalq Artisti" fəxri adlarına layiq görülüb.
2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Hacıbaba Bağırov 6 oktyabr 2006-ci il tarixində vəfat edib.