Birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi

27.06.2012

Sərgi Qalereyası
Vaxt:19:00
Təşkilatçı: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

26-30 iyun 2012-ci il tarixlərdə Bakıda Birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı keçirilmişdir.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalının keçirilməsində məqsəd tarixi İpək Yolunda yerləşən dövlətlər, xalqlar arasında sivilizasiyalar və mədəniyyətlərarası dialoqun yaradılması və inkişafına töhvə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək, bu sahədə gənclərin fəaliyyətlərini dəstəkləmək üçün geniş imkanlar yaradacaq sistemi formalaşdırmaqdır. Konqresin nəticəsi olaraq “Böyük İpək Yolu” adlı beynəlxalq təşkilat yaradıldı.
Konqres çərçivəsində “Böyük İpək Yolu” dövlətlərinin yaradıcı və istedadlı gənclərinin iştirakı ilə müxtəlif yaradıcılıq sahələrini əhatə edən birinci “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Festivalı – konsert və sərgi də keçirildi. Tədbirin proqramına əsasən sərginin açılışı 27 iyun 2012-ci il tarixdə saat 19.00 Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirildi. Sərgidə “Böyük İpək Yolu” ölkələrinin, eləcə də azərbaycanlı gənc fotoqraflarının və rəssamlarının əsərləri nümayiş etdirildi.
Qeyd edək ki, e.ə 121-ci ildən başlayaraq 2000 il ərzində mövcud olmuş “Böyük İpək Yolu” müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynamış, dövlətlərin iqtisadi, mədəni, siyasi inkişafında, xarici dövlətlərlə diplomatik əlaqələrin qurulmasında böyük rol oynamışdır. “Böyük İpək Yolu” müasir dövr üçün regional və beynəlxalq iqtisadi, siyasi münasibətlərin genişlənməsinə, ticarət və əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişafına böyük töhvə vermişdir.
1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə tarixi “Böyük İpək Yolu”nun bərpası ilə əlaqədar Avropa və Asiya dövlət başçılarının birinci zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Tarixi “Böyük İpək Yolu”nun bərpası üzrə aparılan işlər Azərbaycan Respublikasının Dünya Birliyi ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə xidmət edir. Bundan başqa müasir dövrün çağrışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulmasında Azərbaycanın əhəmiyyətli rolunu artırır.
Qeyd edək ki, tədbirdə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan, Tacikistan, Hindistan, Qırğızıstan, Moldova, Ukrayna, Macarıstan, Yunanıstan, Pakistan, Küveyt, Misir, Portuqaliya, Rumunya, Tunis, Mərakeş, Banqladeş, İordaniya, Malta, Sinqapur və s. dövlətlərin və eyni zamanda beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri iştirak etdilər.