Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinooperator və kinorejissor Rasim İsmayılovun 75 illiyi münasibətilə kino-gecə

03.05.2012

Akt Zalı
Vaxt: 18.00
Təşkilatçı: Dövlət Film Fondu

3 may tarixində Muzey Mərkəzinin Akt zalında Dövlət Film Fondunun təşkilatçılığı ilə dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinorejissor və kinooperator Rasim İsmayılovun 75 illiyinə həsr olunmuş kino-gecə keçirildi. Onun yaradıcılıq tərcümeyi-halına bir çox filmlərin adları yazılmışdır ki, bu filmlər də milli kinomuzun qızıl fonduna daxil olmuşdur.
R. İsmayılov 1936-cı il iyulun 13-də Bakıda anadan olmuşdur. Rasim İsmayılov uzun da olmasa, zəngin ömür yaşamışdır. 1958-ci ildə ÜDKİ-nin operatorluq fakültəsinə daxil olmuş, burada görkəmli kinooperator B.Volçekin emalatxanasında təhsil almışdır. İnstitutu bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlamışdır.
Kinooperator kimi Rasim müəllim əhəmiyyətli tarixi blokbasterlər çəkmişdir: “Yenilməz batalyon”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Sevinc buxtası”, “Dədə Qorqud”, “Babək”. Bundan başqa o, “Yaşamaq gözəldir, qardaşım”, “Gün keçdi”, “Dörd bazar günü”, “Torpaq. Dəniz. Od. Səma”, “Sevil”, “Xoşbəxtlik qayğıları” və s. bədii filmləri lentə almışdır.
1977-ci ildə Rasim İsmayılov rejissor kimi “Şir evdən getdi” televiziya filminə quruluş vermişdir. Bunun ardınca “Anın quruluşu”, “İşgüzar səfər”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına rəsmi səfər”, “Tələ” bədii filmlərini çəkmişdir. “Sizi dünyalar qədər sevirdim” filmi Sovet İttifaqı qəhrəmanı, general Həzi Aslanova həsr olunmuşdur.
R. İsmayılov Azərbaycan animasiya televiziya filmlərinin yaradıcılarından biridir. O, “Danışan işıqlar” (1965) və “Qırmızılar, qaralar və başqaları” (1969) animasiya filmlərinə quruluş vermişdir. Rasim İsmayılov həm operator, həm də rejissor kimi bir sıra sənədli filmlər də çəkmişdir.