Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin “Hopopnamə”əsərinə həsr olunmuş xalq rəssamı Arif Hüseynov və əməkdar incəsənət xadimi Bayram Hacızadənin qrafik əsərlərindən ibarət sərgi
05.06.2012 - 09.06.2012Sərgi Qalereyası
Vaxt: 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsi
İyunun 5-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycanın böyük satirik şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr edilmiş sərgi açıldı. Sərgidə məşhur “Hophopnamə”yə çəkilmiş 55 qrafika əsəri nümayiş etdirildi. Mədəniyyət və Turizm nazirinin müavini Ə.Vəliyev çıxış edərək sərginin mədəniyyətimiz üçün önəmli, əlamətdar bir hadisə olduğunu qeyd etmişdir. Nazir müavini şairə olan ümumxalq məhəbbətindən,eyni zamanda dövlətimiz tərəfindən şairə, onun yaradıcılığına verilən diqqətdən danışdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “ M. Ə.Sabirin anadan olmasının 150 illiyi haqqında “kı sərəncama müvafiq olaraq görülən işlər barədə sərgi iştirakçılarını məlumatlandırdı. Rəssamlar İttifaqının Katibi, xalq rəssamı Ağaəli İbrahimov, Rəssamlıq Akademiyasının Prorektoru Səlhab Məmmədov, sənətşünas,əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Hophopnamə”ni yeni variantda öz illüstrasiyaları ilə tamamlayan xalq rəssamı Arif Hüseynov və əməkdar incəsənət xadimi Bayram Hacızadənin özünəməxsus yaradıcılıq xüsusiyyətlərindən danışmış, həmişəyaşar Sabir poeziyasının, Sabir satiralarının məhz bu müəlliflərin püxtələşmiş yaradıcılığı ilə tamamlandığını qeyd etmişlər. Muzey Mərkəzinin Sərgi Qalereyasında nümayiş etdirilən əsərlər qrafika janrındadır. Azərbaycanın xalq rəssamı, “Xətai” Miniatür Sənəti Qalereyasının bədii rəhbəri, miniatürçü rəssam Arif Hüseynovun və əməkdar incəsənət xadimi Bayram Hacızadənin yaratdığı əsərlər gülən və güldürən,ağlayan və ağladan dahi Sabirin şeirlərinin qayəsini, motiv və məqsədini, bu şeirlərin həqiqi mənada həm ağlığını, həm də qaralığını sözün əsl mənasında insanlara, cəmiyyətə çatdırmağı bacaran əsərlərdir. Sərgidə təqdim olunan əsərlərin Kataloqu Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı,Karikaturaçı Rəssamlar Birliyi və Muzey Mərkəzi tərəfindən nəşr olunmuşdur.
Sərgi iyunun 15-dək davam etdi.