Beynəlxalq karikatura sərgisi “Narkotiklərə yox!”
17.10.2011 - 18.10.2011Sərgi Qalereyası
Təntənəli açılış: 17 oktyabr 17:00
Təşkilatçı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Oktyabrın 17-də Muzey Mərkəzində Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçirildi. 1906-cı ildə işıq üzü görmüş, bütün müsəlman Şərqində ilk satirik jurnal olan “Molla Nəsrəddin” məcmuəsinin 105 illiyinə həsr olunmuş və “Narkotiklərə Yox!” başlığı altında keçirilən “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsinə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılmışdı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Karikatura Müsabiqəsinə münsiflər heyəti qismində iştirak etmək üçün tanınmış karikatura ustaları dəvət olunmuşdu: Andrey Feldşteyn (ABŞ), Bayram Hacızadə (Azərbaycan), Mixail Zlatkovski (Rusiya), Bernard Boton (Fransa), Rəhim Baqqal Əsgəri (İran), Valentin Qeorqiyev (Bolqarıstan).
Azərbaycanda artıq ənənəvi olaraq hər il keçirilən “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq Karikatura Müsabiqəsi bu il səsvermənin obyektivliyinə və demokratikliyinə görə, eləcə də tədbirin yüksək səviyyədə təşkilinə görə FEKO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) tərəfindən beş ulduzla qiymətləndirilmişdir. Bu, dünyada keçirilən beynəlxalq karikatura müsabiqələrinə verilən ən yüksək qiymətdir.
Müxtəlif ölkələri təmsil edən rəssamlar narkomaniya kimi ciddi bir bəlaya öz etiraz səslərini ucaldaraq, bir-birindən maraqlı və orijinal əsərləri ilə müsabiqəyə qatılmışlar. Bu da narkomaniyanın dilindən, dinindən və irqindən asılı olmayaraq hər bir insan üçün eyni dərəcədə ağrılı bir problem olmasının əyani göstəricisidir.
Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qızıl medalına tanınmış karikaturaçı rəssam, 100-dən artıq beynəlxalq müsabiqələrin qalibi Alessandro Qatto (İtaliya), gümüş medala beynəlxalq müsabiqələrdə 300-dən artıq mükafatı olan Vladimir Kazanevski (Ukrayna), bürünc medala “Karikatura Ensiklopediyası” beynəlxalq saytının rəhbəri Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlara isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görülmüşlər. Sevindirici haldır ki, müsabiqənin qalibləri sırasında Azərbaycanlı rəssam Tural Həsənlinin də adı vardır. O, Azərbaycan Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilmişdir.
Müsabiqənin münsiflər heyətinə isə xüsusi diplomlar təqdim edildi.
“Narkotiklərə Yox!” başlığı altında keçirilən “Molla Nəsrəddin-Azərbaycan” beynəlxalq karikatura müsabiqəsinin təşkilinə verdiyi dəstəyə görə, Azərbaycan Karikatura Sənətinin beynəlxalq aləmdə tanınması və təbliğində göstərdiyi xidmətlərə görə Azərbaycan Rəssamlar İttifaqının xüsusi diplomları təqdim olundu:
Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti, cənab Piter Nyuvandeyk-Hollandiya
Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının idarə heyətinin üzvü, cənab Bernard Boton-Fransa.
Beynəlxalq “Cartonion” (Kartunion) karikatura klubunun rəhbəri Andrey Feldşteyn –ABŞ.İran Karikatura Assosiasiyasının prezidenti, Təbriz Karikatura Muzeyinin rəhbəri Rəhim Baqqal Əsgəri-İran.
Tanınmış karikaturaçı rəssam, beynəlxalq karikatura müsabiqələri laureatı Valentin Qeorqiyev –Bolqarıstan.
Tanınmış karikaturaçı rəssam, Rusiya Karikaturaçılar İttifaqının sədri, Rusiya Jurnalistlər Birliyinin katibi, Fransanın “Fəxri Legion” ordeni ilə təltif olunmuş, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin fəxri üzvü Mixail Zlatkovski-Rusiya.