Azərbaycan Respublikasında İran İslam Respublikasının Mədəniyyət Günləri
03.10.2011 - 07.10.2011Dairəvi Zal,
Sərgi Qalereyası,
Akt Zalı
Təntənəli açılış: 3 oktyabr 17:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyi, İran İslam Respublikasının Azərbaycandakı səfirliyi, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi
2011-ci il, 3 oktyabr tarixində Azərbaycanda İran mədəniyyəti günləri başlandı. Həmin gün saat 17:00-da Muzey Mərkəzində iranlı rəssam və nəqqaşların əl işlərindən ibarət sərgi açıldı. İki ölkənin dövlət rəsmilərinin, mədəniyyət xadimlərinin iştirak etdikləri tədbiri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, iranlı həmkarını və digər qonaqları salamladı. Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra qonşu İran İslam Respublikası ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayan nazir ölkələrimizin mədəniyyət və incəsənət sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirdi. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin gerçəkləşdiyini nəzərə çatdıran Əbülfəs Qarayev bu əlaqələrinin davamı kimi Azərbaycanda da İran mədəniyyəti günlərinin keçirildiyini dedi. Nazir İran mədəniyyəti günlərinin Bakı ilə yanaşı Gəncədə də müxtəlif tədbirlərlə müşayiət olunacağını bildirdi: “Belə tədbirlər əlaqələrimizi daha da möhkəmləndirir. Biz qarşılıqlı mədəni tədbirlərin keçirilməsində maraqlıyıq və inanıram ki, bu kimi layihələr davamlı olacaq”.
İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni isə ölkəsinin Azərbaycanla müştərək tarixi keçmişi, mədəni əlaqələri barədə danışdı. Onun sözlərinə görə, ortaq mədəni dəyərlər ölkələrimizi daha da yaxınlaşdırır. Nazir İran mədəniyyəti günlərinin təşkilini hər iki ölkənin vətəndaşlarının bir-birlərini daha da yaxından tanımaları baxımından yüksək qiymətləndirdi.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamlıq, qızıl suyu ilə işləmə, kalliqrafiya, karikatura, qrafika, foto, qabartma, heykəltəraşlıq, taxta üzərində oyma, şüşə sənəti , minakarlıq sənəti nümunələri, milli geyimlər, kitablar, digər çap məhsulları və s. nümayiş olunurdu.
Qeyd edək ki, İran Mədəniyyət Həftəsi çərçivəsində 4-5 oktyabr tarixlərində Muzey Mərkəzində İran filmlərinin nümayişi keçirildi. 4 oktyabr - “Günəş diyarı”, “Ağlayan söyüd”; 5 oktyabr - “8-ci səma”, “Həzrət Süleyman səltənəti”.
İran İslam Respublikasının Mədəniyyət Günlərinin PROQRAMI (Bakı)
Sıra | Proqramın adı | Tarix | Saat | Məkan |
1 | Mədəniyyət sərgisinin açılış mərasimi | 03.10.2011 | 17.00 – 18.00 | Muzey Mərkəzi |
2 | Mədəniyyət günlərinin açılış mərasimi | 03.10.2011 | 18.30 – 20.00 | Muğam Mərkəzi |
3 | Söz Şəhriyarları konfransı | 04.10.2011 | 11.00 – 13.00 | M.F.Axundov adına Milli kitabxanada |
4 | İran filmlərinin nümayişi | 04.10.2011 | 15.30 – 17.30 | Muzey Mərkəzi |
5 | İran İncəsənət ustalarının konserti | 04.10.2011 | 18.00 – 20.00 | Muğam Mərkəzi |
6 | Kukla teatrında tamaşa | 05.10.2011 | 11.00 – 13.00 | A.Şaiq adına Kukla teatrı |
7 | İran filmlərinin nümayişi | 05.10.2011 | 15.30 – 17.30 | Muzey Mərkəzi |
8 | Quranla ünsiyyət mərasimi | 05.10.2011 | 18.00 – 20.00 | Şəhriyar Mədəniyyət Evi (Əhmədli qəs.Xəzər dairəsi) |
9 | İran İncəsənət ustalarının konserti | 05.10.2011 | 18.00 – 20.00 | Muğam Mərkəzi |