“Bakıda Batika həftəsi” Sərgisi

16.09.2011 - 22.09.2011

Sərgi Qalereyası
Təntənəli açılış: 16 sentyabr 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektoru

16 sentyabr, 2011-ci il tarixində saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Bakıda batika həftəsi” adlı sərginin açılışı oldu.Dekorativ-tətbiqi sənət növlərindən biri olan batika sənəti Azərbaycanda xalqımızın qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Basqal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyət növü kimi bu sənətlə məşğul olanların sayı yüzlərlə olmuşdur. Qədim ipəkçilik və kəlağayı sənətinin inkişafı və Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev, Tatyana Ağababayeva və digər müasir dövr batika ustalarımızın yaradıcılığı sayəsində Azərbaycan batikanın inkişaf etdiyi ölkələr arasında önəmli yer tutur.
Lakin bütün bunlara baxmayaraq indiyədək Azərbaycan batika ustalarının iştirakı ilə sərgi keçirilməmişdir. Azərbaycan rəssamlarının və xalq sənətkarlarının yaratdığı nadir sənət inciləri hesab olunan batika əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə olaraq “Bakıda batika həftəsi” adlı sərgi təşkil olundu. Sərgidə Azərbaycan rəssamlarının müxtəlif nəsillərini təmsil edən batika ustalarının əsərlərinin nümayiş olunurdu.
Batika – tarixi kökləri əsrlərin dərinliyinə gedən, demək olar ki, heç dəyişilməyən bir sənət növü, parçanın bədii tərtibatıdır. “Batik” İndoneziya dilindən tərcümədə “mum damlası” mənasını verir. Artıq bu adın özündə hansı isə ecazkar məna duyulur. Alovun və soyuğun təsiri altında bir su damcısı ilə kimyəvi maddələr necə bir haldan başqa hala düşürsə, batika da eləcə özündə çoxsaylı müəmmaları gizlədir. Od, su, torpaq və hava ünsürləri onun yaradılmasında iştirak edir. Bəlkə də buna görədir ki, batikanın hazırlanma prosesi özünəməxsus meditasiya forması hesab olunur. Batikaya yalnız gözəl sənət əsəri kimi deyil, hər bir xalqın mədəni irs nümunələrinin daşıyıcısı olan ruhi qida mənbəyi kimi yüksək fəlsəfi-mistik münasibət elə buradan meydana gəlmişdir.
İndoneziya, Malayziya, Peru, Yaponiya, Şri-Lanka və Afrika ölkələrində batika qədimdən pambıq parça üzərində işlənilirdi. Əridilmiş mum üzərində balaca susəpən və ya nazik lüləyinlə zərif qatdan ibarət rəsm çəkilirdi. Sonradan boyakarlar təbii rənglərdən istifadə edərək nəfis əsərlər yaradırdılar. Onlar zamanın sınağından şərəflə çıxmış təbii boyaqlardan istifadə edirdilər və Cənub-Şərqi Asiya ölkələrində XX əsrdə anilin boyaqlarının bolluğuna baxmayaraq, əsərlərin təbii rənglərlə işlənmiş bədii həllinə xələl gətirməmişlər. Xüsusən üzəri mumla örtülmüş parça rənglənərkən onun üzərindəki çatlaq və hörümçək toruna bənzər yerlərə düşən krakelyurlar batikaya özünəməxsus cazibədarlıq bəxş edir.
İstirakçilar:
Arif İbrahimov, Aleksey Zaytsev, Ayləl Məmmədova, Alina Yusupova, Afərin Rzayeva, Adilə Fətəliyeva, Alla Zaytseva, Çingiz Dadaşlı, Diləfruz Bağırova, Elnur Həsənov, Ənvər Qarayev, Fuad Əliyev, Fidan Salahova, FidanMollazadə, Gülgün Rəsulzadə, Xalidə Nəsirova, İnna Kostina, İllham Səfərli, İlahə Zeynalova, Qizbacı Nağıyeva, Leyla Cavadova, Mehdi Nağıyev, Minəxanım Hüseynova, Mədinə Cəfərova, Nikalay Zaytsev, Nigar Fyodorova, Nərmin Abdullayeva, Nübar Şahbazova, Nərminə Əliyeva, Nuran Rəsulzadə, Oqtay Murtuzayev, Rəna İbrahimbəyova, Salar Məmmədov, Sədaqət Səmədova, Sevda Ağasıyeva, Sonaxanım Nağıyeva, Tatyana Ağababayeva,Yekaterina Barbuxina.
17 və 20 sentyabr tarixlərində saat 15:00-da “Bakıda Batika həftəsi” çərçivəsində Müzey Mərkəzinin Sərgi Qalereyasında Tatyana Ağababayevanın rəhbərliyi ilə master-klass keçirildi. Birinci master-klassı Tatyana Ağababayeva və onun tələbəsi Nübar Şahbazova təqdim etdilər. Sentyabrın 20-də keçirilmiş master-klassı isə Tatyana Ağababayeva, Salar Məmmədov, Nigar Fyodorova təqdim etdilər.Burada həmçinin görkəmli batika rəssamları ilə də görüş oldu.
Muzey Mərkəzi çoxsaylı tamaşaçıların xahişi ilə rəsmi olaraq 22 sentyabr tarixinə kimi davam etməli olan sərginin müddətini sentyabrın 25-ə qədər uzatmaq qərarına gəldi.