Gənc rəssam Mina Məmmədovanın “İlk addımlar” adlı fərdi yaradıcılıq sərgisi
08.06.2011 - 09.06.2011Sərgi Qalereyası
Açılış mərasimi: 8 iyun, 2011-ci il, saat 18:00
Keçirilmə tarixi: 8-9 iyun, 2011-ci il
Təşkilatçı: Muzey Mərkəzi
Layihənin müəllifi və sərginin kuratoru - Muzey Mərkəzinin direktoru Liana VəzirovaAfişa və dəvətnamələrin, video-artın dizaynı - rəssam Vüqar Əli
2011-ci il, 8 iyun tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Mina Məmmədovanın ilk fərdi yaradıcılıq sərgisi açıldı. Sərginin açılış mərasimində Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Dizaynerlər İttifaqının katibi Nazim Yunusov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov və digər şəxslər çıxış etdilər.
Öz kiçik həyatında hər şeyi rənglərin gözü ilə görüb, onu əhatə edən həyatın hər anını öyrənmək, yaratmaq coşğusu ilə mənalandıran Mina Məmmədova 1994-cü il, noyabrın 22-də Gəncə şəhərində dünyaya göz açmışdır. 2010-cu ildə Zəngi litseyinin 9-cu sinifini bitirib Azərbaycan Dövlət Rəsamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin Teatr Dekor sənəti şöbəsinə qəbul olmuşdur.
Kiçik yaşlarından rəssamlığa böyük həvəs göstərən Mina fərqli qabiliyyəti ilə məktəb yoldaşlarından seçilirdi. Rənglər dünyasına sonsuz maraq onu rəssamlığın sirrlərini dərindən öyrənməyə sövq edir.
Mina Rəssamlıq Akademiyasının geyim, dizayn kafedrasının müdiri, dosent Nazim Yunusovun tələbəsidir və onun rəhbərliyi ilə emalatxanada fərdi sənətlə dərindən məşğul olmağa başlayıb.
Gənc rəssamın həyatında çox əlamətdar bir hadisə olan bu sərgidə çəkdiyi hər bir rəsm ilə Mina gənc qəlbinin rənglərin dili ilə duyduqlarını insanlara çatdırmağı bacardı. Sərgidə onun 62 ədəd rəsm əsəri və əl işləri nümayiş olunurdu.