Mədəniyyət və incəsənət xadimlərinin fəxri adlarla təltif olunması
11.05.2011Dairəvi zal
Vaxt: 12:00
Təşkilatçı: Mədəniyyət və turizm nazirliyi
2011-ci il, 11 may tarixində Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin sərəncamı ilə fəxri adlara layiq görülmüş bir qrup mədəniyyət və incəsənət xadimini orden və medallarla təltif etmişdir. Ə.Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söz açmış, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini diqqətə çatdırmışdır. Mükafatların ulu öndərin anadan olmasının 88-ci ildönümünün qeyd edildiyi günlərdə təqdim edilməsinin təsadüfi olmadığını bildirən nazir əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət qayğısı ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. TREND-in məlumatına görə, mərasimdə çıxış edən Qarayev bildirib ki, bugünkü tədbirdə iştirak edən mədəniyyət və incəsənət xadimlərinin 1-i "Xalq Artısti", 5-i "Əməkdar Artist", 2-si "Əməkdar Mədəniyyət İşçisi" adına, 3-ü "Şöhrət" ordeni, 1-i "Fəxri Diplom", 3-ü "Tərəqqi" medalı, 4-ü "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.
Sonda təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.