Rusiyada saxlanılan XX əsrin əvvəllərinə aid Azərbaycan musiqi folkloru nümunələrinə özgələrin sahib çıxmaq cəhdlərindən bəhs edən mətbuat konfransı
06.05.2011Akt zalı
Təntənəli açılış: 12:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi
2011-ci il, mayın 6-da Muzey Mərkəzinin Akt zalında Rusiyada saxlanılan XX əsrin əvvəllərinə aid Azərbaycan musiqi folkloru nümunələrinə özgələrin sahib çıxmaq cəhdlərindən bəhs edən mətbuat konfransı keçirilmişdir.
Bir müddət əvvəl Sankt-Peterburqdakı “Puşkinskiy dom” Rus Ədəbiyyatı İnstitutunda Azərbaycan musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilmişdir. Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınmışdır. Mədəniyyət və Turizm Nazirliyinin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində sözügedən materiallar rəqəmsal daşıyıcılara köçürülərək Vətənə qaytarılmışdır.
XIX əsrin sonlarından başlayaraq Rusiya İmperiyasının, sonradan Sovet İttifaqının müxtəlif bölgələrində həyata keçirilən ekspedisiyalar zamanı musiqi folkloru nümunələrinin səs yazıları toplanmışdır ki, onlar da hazırda Puşkin Evində saxlanılır.
Fonoqram arxivinin kolleksiyalarında Azərbaycan musiqi folkloruna aid xeyli sayda səs yazıları saxlanıldığı müəyyən edilmişdir. Onlar haqqında məlumat toplamaq, gələcəkdə onları əldə etmək, bunun hüquqi əsaslarını müəyyənləşdirmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sankt-Peterburqa bir sıra ezamiyyətlər təşkil olunmuşdur.
Puşkin Evində X.Kuşnaryov, Y.Qippius və Z.Evaldın 1927-1929-cu illərdə Zaqafqaziyada kənd-kənd topladıqları səs yazıları xüsusi maraq doğurur.
Bu nümunələr indiki Ermənistan ərazisindəki Zülağac, Gözəldərə, Aşağı Arcaman, Görüş, Qarakilsə, Bazarçay, Quşbələk, Gərgər, Malışki, Keşişkənd, Molla Göyçə, Şulaverən, Arxvəli, Qırxdəyirman, Karvansara kəndlərində, eləcə də Tiflis və İrəvan şəhərlərində və digər yaşayış məntəqələrində mexaniki səsyazma üsulu ilə yazılmışdır.
Arxivin qeydiyyat sənədlərində “Azərbaycan”, “Azərbaycan musiqisi” sözlərinə rast gəlinmədiyinə baxmayaraq, kolleksiyalarda Azərbaycan musiqisi: muğamlar, mahnı və rəqslərin səs yazıları böyük yer tutur. Bunu onların adları da təsdiq edir: Rast, Çahargah, Hicaz, Mahur, Şur, Bayatı Şiraz, Mirzə Hüseyn Segahı, Sarı Gəlin, Koroğlu, Xalabacı, Otuz bir, Çoban Bayatı və s. Bu mahnıları həm azərbaycanlılar, həm də azərbaycanlı olmayanlar ifa edirlər. (İfaçıların adları Kuşnaryovun qeydlərində göstərilir).
Xüsusi qeyd etmək lazımdır ki, xanəndələrin hamısının ifası Azərbaycan dilindədir. Bu fakt bir daha sübut edir ki, bunlar Azərbaycan xalqının folklor nümunələrinə aiddir.
Bu səs yazılarının rəqəmsal surəti hazırlanmış və onların muzey üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində qoruyub saxlanılması məqsədəuyğun sayılmışdır. Həmin yazılardan tədqiqat işləri üçün istifadə olunacaqdır.