“Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi və Naviqasiya” layihəsinin təqdimatı

19.04.2011

Akt zalı
Açılış vaxtı: 16:00
Təşkilatçı:Mədəniyyət və Turizm Nazirliyi

19 aprel, 2011-ci il tarixində Muzey Mərkəzinin Akt zalında GoMap.az Onlayn Turizm Naviqasiyası Portalına həsr olunmuş tədbir keçirilmişdir. Nəinki regionda, həmçinin dünyanın bir çox ölkəsində olan analoqlardan öz servis və funksionallığına görə seçilən GoMap.az portalı mövcud qlobal coğrafi informasiya sistemlərinin dərin analizi əsasında yaradılmışdır. Bu portal “Turizm Məqsədli Coğrafi İnformasiya Sistemi (CİS) və Naviqasiya” layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Layihənin məqsədi Azərbaycanda turizmin inkişafı naminə ölkənin elektron xəritəsinin və naviqasiya sisteminin yaradılması olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş Turizm ilində yaradılmış bu sistem turistlər və ölkə vətəndaşları üçün bir töhfədir. Dünya standartlarına cavab verən və regionda analoqu olmayan elektron xəritə sistemi Transxəzər bölgəsində aparıcı sistem inteqratorlarından biri olan Azərbaycanın SINAM şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmışdır. Milli Elektron Turizm Naviqasiya Sisteminin elektron xəritəsinə 70 şəhər, 4530 yaşayış məntəqəsi, 3300 mədəni-tarixi abidə, 670 000 bina və tikililər, 43000 km yol (hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23770 km yaşıllıq sahələri və meşələr və s. məlumatlar daxil edilmişdir. Elektron xəritədə bu məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilmişdir.
Azərbaycan, ingilis və rus dillərində fəaliyyəti nəzərdə tutulmuş veb-portaldakı elektron xəritə hər hansı bir tikili miqyasına qədər böyüdülə bilər. Elektron xəritədə həmçinin mövcud olan digər bu tip sistemlərlə inteqrasiya oluna bilir (məsələn: “Google Satellite”).
Elektron xəritənin GPS-naviqasiya sistemi də mövcuddur. GPS-naviqasiya sistemi həm avtomobillərin, həm də piyadaların Azərbaycanın müxtəlif bölgələrində istənilən marşrutla hərəkəti üçün istifadə oluna bilər. Avtomobil sürücüləri üçün GPS-naviqasiyada yollar yol hərəkəti qaydaları tam göstərilməklə əks edilmişdir.
Xəritə üzərində onlayn trekinq funksiyası da vardır. Onlayn trekinq vasitəsilə turist marşrutlarını, turistləri, dağ-xizək zonalarında hərəkət edənləri və s. peyk izləmə sistemi vasitəsilə müşahidəsi mümkündür. Həmçinin, fövqəladə (bədbəxt hadisə) hallar zamanı hadisə yerində olanların koordinatlarını təyin etmək mümkündür.
Bir sözlə, Azərbaycan Turizm Naviqasiyası Portalı bu gün Azərbaycana gələn hər bir şəxs üçün həmişə köməyə hazır olan bir bələdçi, maraqlara uyğun olan yerləri ziyarət etmək üçün bir məsləhətçidir.