Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü çərçivəsində məktəblilər və tələbələr üçün muzey-tədris proqramının təqdimatı
21.05.2011Akt zalı
Vaxt: 12:00
Təşkilatçı: Muzey Mərkəzi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, BMT-nin Azərbaycan nümayəndəliyi, Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzi
21 may, 2011-ci il tarixində Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin Akt zalında YUNESKO-nun Moskva bürosunun təşkilatçılığı ilə “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin məktəblilər və tələbələr üçün muzey-tədris proqramının təqdimatı keçirilmişdir.
Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü mədəni müxtəlifliyin dəyərlərinin dərk edilməsinə və dünya xalqları arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının öyrənilməsinə kömək edir.
2008-ci ildə YUNESKO-nun Moskva bürosunun və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində Muzey Mərkəzinin bazasında “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzi açıldı. Azərbaycanın paytaxtı Rus muzeyinin virtual filialının fəaliyyətə başladığı ilk xarici ölkə paytaxtı oldu. Bu əhəmiyyətli hadisə Azərbaycanda rus mədəniyyətinə və incəsənətinə olan marağın daha da artmasına, iki ölkə arasında mədəni əlaqələr dairəsinin genişlənməsinə böyük təsir göstərdi.
“Rus muzeyi: virtual filial”ın inkişafına dair layihənin növbəti mərhələsi 2009-cu ildə YUNESKO-nun Moskva bürosunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin rəsmi internet səhifəsinin yaradılması oldu. İnternet səhifə azərbaycan, ingilis və rus dillərində virtual məkan vasitəsilə yalnız rus deyil, həm də Azərbaycan mədəniyyətini dünyaya təqdim edir.
YUNESKO-nun Moskva bürosu və o cümlədən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası son bir neçə il ərzində “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və istifadəsinə əvəzsiz maddi və mənəvi dəstək göstərmişlər.
Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə əlaqədar Muzey Mərkəzində “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirici mərkəzinin məktəblilər və tələbələr üçün muzey-tədris proqramı hazırlanmışdır. Proqram qavrama və çətinlik səviyyəsinə görə iki hissəyə - gənclər və uşaq auditoriyasına bölünmüşdür.
Tələbələr və məktəblilər üçün muzey-tədris proqramı Muzey Mərkəzi ilə ali və orta təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığını tələb edir. Həmin təhsil müəssisələrinin rəhbərlərinin təklif olunmuş məşğələlərdən (hər məşğələnin müddəti 1,5–2 saat olmaqla) hər hansı birini seçmək imkanı vardır: Sankt-Peterburq memarlığı, o cümlədən Rus Muzeyinin sarayları, ayrı-ayrı əhəmiyyətli eksponatlar və bütün tematik kolleksiyalar, müxtəlif nəsil rəssamların yaradıcılığı, rus təsviri sənət məktəbinin və ənənələrinin Azərbaycan incəsənətinə və mədəniyyətinə təsiri.
Məşğələlərin icra metodları müxtəlifdir – slayd nümayişi ilə klassik mühazirələr, muzey zallarında virtual gəzinti, Azərbaycanın müasir tanınmış rəssamları ilə görüş. Bütün məşğələlərin təcrübi olaraq müvafiq mövzuya uyğun interaktiv hissələri vardır. Məsələn, kompyuter proqramlarının köməyi ilə XVIII əsr nümunəsi üzrə virtual “bağ sahələri”nin yaradılması, sarayların virtual pazzlının yığılması, pryanik “lövhələri”nin kəsilməsi və yaxud yemək “hazırlanması”.
Əksər təcrübi məşğələlər iştirakçılardan yalnız virtual deyil, real yaradıcı iş də tələb edir. Belə ki, bu zaman əlaltı materiallardan istifadə etməklə saray və parkların stolüstü maketlərinin hazırlanması, afişaların müsabiqəsi, rəngkarlıq üzrə, gil oyuncaqlar və xoxloma (yaxud qjel) rəngkarlığı üzrə master-klasslar və s. həyata keçirilir.
Təcrübi məşğələlər yalnız təsviri sənət sahəsini əhatə etmir. İştirakçılar ədəbi yaradıcılıqla da məşğul olurlar. Buna sərgilərə vitual səyahətin ardınca esselərin yazılması, Rus muzeyinin sarayları haqqında əfsanə və yaxud seçilmiş rəsm əsəri üzrə hekayənin tərtib olunması misal ola bilər. Məşğələlərdən biri də maskaradlara həsr olunmuşdur ki, bu zaman iştirakçılardan maskarad geyimlərinin hazırlanması və qədim rəqslərin öyrənilməsi tələb olunur. Ailə dəyərlərinin axtarışı və muzey üçün ailə ekspozisiyasının qurulması isə ayrıca bir məşğələdir.
Adı çəkilən layihənin reallaşdırılması ölkə ərazisində və onun hüdudlarında vahid mədəni-informasiya məkanının genişlənməsinə, o cümlədən xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Təqdimat mərasimində YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva giriş sözü ilə çıxış edərək YUNESKO-nun Baş direktoru İrina Bokovanın Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı müraciətini oxudu. Daha sonra isə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əlaqələr və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə və Muzey Mərkəzinin direktoru Liana Vəzirova mədəni müxtəliflik günü ilə əlaqədar qısa salamlama nitqi ilə çıxış etdilər.
Proqramın təqdimatını aşağıdakı şəxslər həyata keçirdilər: muzey-tədris və interaktiv proqramlar üzrə mütəxəssis Firuzə Sultan-zadə və MediaDesign veb-studiyasının direktoru Samir Qasımov. Tədris proqramının interaktiv hissəsinin təqdimatına isə Larisa Tarusovanın rəhbərliyi altında “Günay” uşaq teatrı (mövzu: “Mixaylovskidə maskarad və kostyumlu ballar” – XIX əsrdə Rusiyada rəqs mədəniyyəti) və Pərviz Hüseynov (mövzu: “Mədəniyyətlərin dialoqu” – konseptual kuklaların tarixi) dəstək oldu.
Tədbirdə kütləvi informasiya vasitələri, muzey direktorları və işçiləri, Bakı Slavyan Universitetinin və Bakı Slavyan universitetinin Məktəb-Lisey Kompleksinin, Qərb Universitetinin, Bakı Avropa litseyinin, Xarici Dillər Bakı Oksford məktəbinin və digər təhsil müəssisələrinin, o cümlədən mədəniyyət və təhsillə bağlı bir çox ictimai və dövlət təşkilatlarının nümayəndələri iştirak edirdilər.