Xalq rəssamı Mayis Ağabəyovun 70 illik yubiley sərgisi
17.05.2011 - 23.05.2011Sərgi Qalereyası
Təntənəli açılış: 17 may saat 17:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi
Öz həyat və yaradıcılığını bütünlüklə Azərbaycan təsviri və kino sənətinin inkişafına həsr etmiş, sözün əsl mənasında rəssam adına layiq nadir şəxsiyyətlərdən biri olan Mayis Ağabəyov 1941-ci il, mayın 1-də Bakı şəhərində dünyaya göz açmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Azərbaycan kino tarixindən, rəssamlıq sənətindən danışarkən M.Ağabəyovun adını çəkməmək olmur. Əsasən kino və geyim rəssamlığı sahəsində tanınmış, dəzgah rəngkarlığı, qrafika sahəsində də özünəməxsus dəst-xətti ilə seçilən orijinal əsərlər yaratmış Mais Ağabəyov “Nizami”, “Nəsimi”, “Babək” və s. kimi 20-dən çox Azərbaycan kino tarixində önəmli yer tutan filmlərin quruluşçu rəssamı olmuşdur. Onun bədii yaradıcılıq fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş və 2000-ci ildə Ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən Xalq rəssamı fəxri adına layiq görülmüşdür. 2004-cü ildən Prezident təqaüdçüsüdür.
Azərbaycan təsviri sənət tarixinə öz möhürünü vurmuş M.Ağabəyovun əsərlərini başqa heç bir rəssamın əsəri ilə dəyişik salmaq mümkün deyil. Özünəməxsus rəng, kompozisiya həlli, seçilmiş mövzuların unikallığı onun əsərlərinin əsas fərqli cəhətlərindəndir. M.Ağabəyovun əsərlərinə baxan diqqətli tamaşaçı özünü dərk etməyə, həyat fəlsəfəsini müəyyən etməyə, bir sözlə düşünməyə və əsl sənətlə yaşamağa başlayır. M.Ağabəyovu bir çox hallarda “Abşeron rəssamlıq məktəbi”nin nümayəndəsi hesab edirlər. Çünki Azərbaycan incəsənətində özünəməxsus yer tutan və ötən əsrin 70-ci illərində sərbəst yaradıcılıq fəaliyyətinə başlayan rəssamlar kimi o da bir çox hallarda “sos realizm”in çərçivələrini “sındıraraq” yeni təfəkkür, yeni yanaşma tərzini nümayiş etdirmişdir. “Analıq”, “Ana və körpə,” “Qadın gözəlliyinin təcəssümü”, “Ailə” və s. mövzular M.Ağabəyovun ən çox müraciət etdiyi mövzulardandır. Bu mövzular bəşəri mahiyyəti ilə yanaşı, rəssamı da daim düşündürən və müxtəlif formalarda, müxtəlif kompozisiyalarda həllini tapan mövzulardandır. Onun əsərlərinə tamaşa edərkən tamaşaçı rəssamın diqqət cəlb etdiyi istiqamətdə cərəyan edən hadisələri oxuya bilər.
17 may, 2011-ci il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunan fərdi yubiley sərgisi xalq rəssamının ən böyük arzularından biri olub. Bu sərginin təşkili Mayis Ağabəyova öz yaradıcılığının bütün istiqamətlərini göstərməyə, sevimli tamaşaçıları qarşısında hesabat verməyə imkan vermişdir. Qeyd edək ki, 129 əsərin və 6 ədəd heykəltəraşlıq işinin nümayiş olunduğu sərgi 23 may tarixinədək davam etmişdir.