2011-ci il üçün “Xalq Yaradıcılığı Paytaxtları”nın elan olunması ilə əlaqədar təqdimat mərasimi

04.03.2011

Akt Zalı
Vaxt: 12:00
Mədəniyyət və Turizm Nazirliyinin Siyasi – Mədəniyyət sektoru

Martın 3-də Muzey Mərkəzinin Akt zalında 2011-ci il üçün “Xalq Yaradıcılığı Paytaxtları” proqramının təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədi ilə həyata keçirdiyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2011-ci ildə Şabran şəhəri “Əfsanələr Paytaxtı”, Lənkəran “Folklor Paytaxtı”, İsmayıllı şəhəri isə “Sənətkarlıq Paytaxtı” elan edilib. Sözügedən şəhərlərin “Xalq Yaradıcılığı Paytaxtları” elan olunması ilə əlaqədar il ərzində Şabran, Lənkəran və İsmayıllıda nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "2011-2020-ci illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunmuşdur. Aparılan islahatların davamı olaraq, hazırda "Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri"nin hazırlanması, qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankının və "Azərbaycan qeyri-maddi mədəni irsinin infrastruktur vahidlərinin Dövlət Kadastrı"nın yaradılması, "Muğam-tur, Aşıq-tur, Xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutları"nın təşkil edilməsi, digər konseptual proqram və layihələr üzərində müvafiq işlər görülür. Qeyd edilənlərdən başqa, "Bakı şəhərinin Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ, tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi" və "Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı" pilot layihələri həyata keçirilir.
Təqdimat mərasimində iştirak edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ötən ildən həyata keçirilən bu layihəni əhalinin yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, layihənin 2014-cü ilə qədər davam etdirilməsi planlaşdırılır.