Azərbaycanda Özbəkistan Gənclərinin Günləri çərçivəsində sərgi

29.09.2010

Dairəvi Zal
Sərgi Qalereyası
Vaxt: 16:00
Təşkilatçı: Gənclər və İdman Nazirliyi

27-30 sentyabr, 2010-cu il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Özbəkistan Respublikasının “Kamolot” Gənclər İctimai Hərəkatı arasında Gənclər siyasəti sahəsində 2009-2010-cu illər üçün əməkdaşlıq planına müvafiq olaraq Azərbaycanda Özbəkistan Gəncləri Günləri keçirilmişdir. Tədbirlə bağlı Özbəkistan Respublikasının “Kamolot” Gənclər İctimai Hərəkatının Mərkəzi Şurasının üzvləri, yaradıcı və fəal gənclərdən ibarət 20 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Özbəkistan Gəncləri Günləri çərçivəsində hər iki ölkənin gənclər siyasəti ilə məşğul olan dövlət orqanları və qeyri-hökumət təşkilatları nümayəndələrinin, eləcə də bu ölkələrin fəal gənclərinin iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir. 4 gün davam etmiş səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondu, Bakı Dövlət Universiteti ilə tanış olmuş, eləcə də Gənclər və İdman Nazirliyində, “İrəli” İctimai Birliyində və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlər, dəyirmi masa ətrafında “Müasir gənclər siyasətinin prioritetləri” mövzusunda müzakirələr aparmışlar. Həmçinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yaradıcı gənclərin görüşü keçirilmişdir.Muzey Mərkəzinin Sərgi Qalereyasında təşkil olunmuş sərgidə Özbəkistan və Azərbaycanın gənc rəssamlarının rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət əsərləri, eləcə də Özbəkistanda uşaq və yeniyetmələr arasında “Siz Azərbaycan haqqında nə bilirsiniz?” mövzusunda keçirilən müsabiqəyə təqdim olunmuş rəsm işləri nümayiş etdirilmişdir.
Tədbirlər paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də keçirilmişdir. Hər iki şəhərdə yaradıcı gənclər konsert proqramı ilə çıxış etmişdir. Özbəkistanın milli mətbəx mədəniyyətilə tanışlıq məqsədilə “Milli mətbəx axşamı” adlı tədbir də keçirilmişdir.
4 gün davam edən Özbəkistan Gəncləri Günləri ərəfəsində qonaqlar Bakı və Sumqayıt şəhərlərində Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olmuş, Qala Etnoqrafiya Muzeyinə ekskursiya etmişlər.