Əməkdar incəsənət xadimi, kinorejissor Lətif Səfərovun 90 illiyi münasibətilə kino-gecə
06.10.2010Akt Zalı
Vaxt: 17:00
Təçkilatçı: Dövlət Film Fondu
Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşa şəhərində anadan olmuşdur. Onun kinematoqrafla ilk tanışlığı 1927-ci ildə olur.Bu tanışlıq Lətifi kino sənətinə həmişəlik bağlayır.
Beləliklə də,yaradıcılığa demək olar ki, 7 yaşında başlayan balaca Lətif ilk dəfə rejissor Leo Murun “Gilan qızı” filmində Gülgül, bunun ardınca “Sevil filmində” Gündüz, “Lətif” filmində Lətif, “Şərqə yol” sənədli filmində epizodik, “Qızıl kol” filmində epizodik rollarda çəkilir. Maraqlıdır ki, “Gilan qızı”nda rejissor assistenti işləyən M. Mikayılov quruluş verməyə hazırlaşdığı filmə baş rola Lətifi dəvət edərkən balaca aktyorun şərəfinə əsərin adını dəyişib “Lətif” qoyur. Balaca aktyor da ona tapşırılan rolun öhdəsindən bacarıqla gələrək, kinostudiya kollektivinin sevimlisinə çevrilir.
1937-ci ildə studiyada yenicə fəaliyyətə başlayan dublyaj şöbəsində L. Səfərov “Çapayev”, “Biz Kronştatdanıq”, “Lenin Oktyabrda”, “Lenin 1918-ci ildə” sovet bədii filmlərinin Azərbaycan dilində səsləndirilməsində həm rejissor köməkçisi, həm də aktyor kimi iştirak edir. Artıq özü üçün həyat yolunu müəyyənləşdirmiş gənc Lətif ali kino təhsili almaq ümidi ilə yaşayırdı.Uşaqlıqdan zəhmətə qatlaşan L. Səfərov Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almaqla yanaşı 1947-ci ildə ilk dəfə müstəqil “Çağırışa cavab” adlı kinooçerk çəkir. L. Səfərov 1950-ci ildə institutu bitirib, böyük arzularla doğma Bakıya qayıdır, digər həmkarları kimi kinostudiyada film qıtlığı ilə qarşılaşır.
Nəhayət bir neçə illik fasilədən sonra Bakı kinostudisiyasında “Doğma xalqımıza” bədii-sənədli, “Bəxtiyar” və “Görüş” bədii filmləri istehsal olunub ekranlara buraxılır.
“Bəxtiyar” bədii filmi quruluşçu rejissor L. Səfərovun kinoda ilk böyük müstəqil işi idi. İki il sonra rejissor L. Səfərov yazıçı H. Seyidbəylinin “Kənd həkimi” povesti əsasında yazdığı ssenari üzrə “Qızmar günəş altında” bədii filminə quruluş verir.
1958-ci ildə L. Səfərov yenidən sənədli kinoya qayıdaraq “Bakı və bakılılar” kinooçerkini yaradır. Özünün ssenarisi əsasında lentə aldığı bu filmi qədim şəhər barədə parlaq salnamə adlandırsaq heç də səhv etmərik.
Bədii filmlər çəkilişi sahəsində beşillik fasilədən sonra L. Səfərov Yaxın Şərq ədəbiyyatında çox məhşur olan “Leyli və Məcnun” əfsanəsinə müraciət edir. Film-dastan iki sevən gəncin ülvi məhəbbəti, onların faciəli taleyi haqqındadır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri kimi Lətif Səfərovun vaxtilə kino işçilərinə müraciətlə dediyi bu sözləri, gəlin heç vaxt unutmayaq: “Əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”.